Xaricə gedən azərbaycanlıların sayı azalacaq

11:14 | 13.11.2015
Xaricə gedən azərbaycanlıların sayı azalacaq

Xaricə gedən azərbaycanlıların sayı azalacaq

Turizm Assosiasiyasının sədr müavini danışdı.

Avropa və Yaxın Şərq ölkələrində ictimai-siyasi vəziyyətin qeyri-sabit olması, dünyada baş verən istisadi böhranla əlaqədar bu il Yeni ili xaricdə keçirmək istəyən Azərbaycan turistlərinin sayının azalacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, xarici ölkələrə səfər etməyi sevən Azərbaycan turistləri son illərdə Yeni il günlərini daha çox Türkiyədə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, Fransada, daha sonra isə Çexiya və Almaniyada keçirməyə üstünlük veriblər. 

Lakin bu il qeyd edilən amillərlə əlaqədar xaricə gedən Azərbaycan turistlərinin çoxunun yeni il bayramını ölkə daxilində qeyd keçirməyə üstünlük verəcəyi gözlənilir:

"Bir necə il əvvəl qiymətlər ucuz olduğundan Azərbaycan turistləri Yeni ili Şarm əl-Şeyxdə, Qahirədə də keçirirdilər. Amma bu il həmin yerlərə getmək tövsiyə edilmir. Bəzi turistlərimiz isə Yeni ili Dubayda, Fransada, Çexiyada keçirirdi. İndi Almaniyada, Çexiyada, Macarıstanda, Sloveniyada da qeyri-sabitlik var. Təbii ki, belə yerlərə səfər etmək məsləhət görülmür”.

M.Ağakərimov qeyd edib ki, bu il Yeni il günlərində turistlərin istirahət üçün ölkənin daha çox şimal və şimal-qərb bölgəsini - Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax rayonlarını seçəcəyi gözlənilir.

Qusar və Qəbələdə qış turizminin təşkili baxımından hər cür imkanın olduğunu deyən AzTA rəsmisi bildirib ki, bu il Azərbaycanda Yeni il günləri üçün təklif edilən tur paketlərinin qiymətlərinin ötən ilə nisbətən ucuz olacağı gözlənilir.

M.Ağakərimov hesab edir ki, ucuzlaşma 10-15% arasında ola bilər.

Assosiasiya rəsmisi onu da bildirib ki, tur paketlərin qiymətləri ilk növbədə onun müddətindən, hotellərin xidmətlərinin qiymətlərindən, əyləncəli proqramların olub-olmamasından asılıdır:

"Hotel qiymətini ucuz etdikdə turizm şirkətləri öz faizlərini yüksəltməli deyillər.

Həm Azərbaycan Turizm Assosiasiyası, həm də Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətləri və hotellərinə daxili turizmin inkişafı üçün qiymət siyasətinin düzgün aparılmasını tövsiyə edib. Turizm şirkətləri turistləri təklif olunan xidmətlərdən yayındıran qiymətlər qoymamalıdırlar. Elə qiymət siyasəti yürütmək lazımdır ki, orta və az təminatlı əhali qrupu da istirahət edə bilsin”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti