"BP-Azerbaijan” şirkətinin Təchizat Bazası (ASKO) Azərbaycan qanunlarına məhəl qoymur. Şirkət Əmək Məcəlləsinin tələblərini yerinə yetirməkdən imtina edir. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi bildirdi ki, dünən Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə şirkətin işdən çıxarılmış əməkdaşlarına qarşı iddiaya qaldırılıb.
Şirkət işdən çıxarılmış işçilərə ödənilmiş son məvacibin geri qaytarılmasını tələb edir. Amma tələbini əsaslandırmır. Şirkət əməkdaşları da qarşılıqlı iddia verməklə işə bərpa, buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi ilə yanaşı şirkət rəhbərliyindən təzminat istəyirlər.
M.Qəhrəmanlı dedi ki, işçilərin işdən çıxarılması ilə bağlı əmri menecer, yəni səlahiyyəti olmayan şəxs imzalayıb. Həmin şəxs əmr imzalayandan 15 gün sonra direktor təyin edilib. Buna görə də işçilərin işdən çıxarılmasının qanunla əsası yoxdur: "ASKO BP-nin podratçısıdır. Şirkət həmin işçilərin işdən çıxarılma səbəbləri kimi iqtisadi böhran göstərilib. Amma əksinə, əmək haqları artırılıb, hətta şirkətə əlavə işçi götürülüb”.
M.Qəhrəmanlı onu da qeyd etdi ki, Qərb şirkətləri demokratiyanın fundamental prinsiplərini əsas götürərək hər hansı bir vəziyyətə obyektiv yanaşmağı təbliğ edirlər. Amma məsələ özlərinə gəldikdə onlar prinsip və qaydaları unudurlar.
Qeyd edək ki, ASKO Britaniya şirkətidir. Onu da xatırladaq ki, BP-nin Azərbaycan ofisi ASKO-da ixtisarlar aparıldığını təsdiqləmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !