Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, habelə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə 2023-cü ildə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin, qardaş Türkiyədə isə Cümhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi fonunda iki ölkə arasında bütün səviyyələrdə təmaslarımızın daha intensiv, daha məhsuldar xarakter aldığı vurğulanıb.
Habelə, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb. Çoxtərəfli platformalarda, o cümlədən BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətindən söz açılıb.
Nazirlər həmçinin bölgəmizdə sabitliyin qorunmasında Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin vacib roluna toxunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bu gün bölgədə tarixi məqamın yarandığını, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasının və bu kimi təməl prinsiplərə hörmətlə yanaşılmasının bölgədəki davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğunu bir daha bəyan ediblər.
Nazir Cehyun Bayramov işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlərində Türkiyə tərəfinin aktiv iştirakını yüksək qiymətləndirildiyini vurğulayıb.
Daha sonra nazirlərin iştirakı ilə keçirilmiş mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatlar səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !