Azərbaycan Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti"nin Fransa və ABŞ-a səfərinə münasibət bildirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında sözügedən ölkələri bu cür məsələlərə adekvat münasibət bildirməyə çağırıb. XİN rəsmisi qondarma rejimin nümayəndələrinin belə əməllərdən çəkinməsi üçün lazımi addımlar atılmasının vacib olduğunu vurğulayıb:"Məlum olduğu kimi, Ermənistan tərəfindən beynəlxalq səviyyədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviq olunması istiqamətində siyasət aparılır. Təcrübə göstərir ki, belə hallarda qondarma rejimin nümayəndələrinə Ermənistan tərəfindən pasportlar verilir. Bununla da qarşı tərəf yanlış məlumatlardırılır. Qondarma rejimi təmsil edən nümayəndələr Ermənistan Respublikasına aid olan pasportlar vasitəsi ilə xarici ölkələrə səfər edirlər. Bu səfərlər turistik xarakter daşıyır. Çünki heç bir halda belə səfərlər rəsmi xarakter daşımır. Qondarma rejimin nümayəndələri səfər zamanı rəsmi şəkildə qəbul olunmurlar". Hikmət Hacıyevin sözlərinə görə, qondarma rejimi təmsil edən nümayəndələrin səfər etdikləri ölkələr məsələyə adekvat münasibət bildirilməlidir: "Onların bu səfərlərdən çəkindirilməsi istiqamətində lazımi addımlar atılması çox vacib haldır. Biz o dövlətləri məsələlərə adekvat münasibət bildirməyə çağırırıq". Qeyd edək ki, qondarma rejimin nümayəndələri bu yaxınlarda Fransa və ABŞ-a səfər ediblər Səfər çərçivəsində bir sıra mərasimlərdə iştirak edən nümayəndələr bir sıra görüşlər də keçiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !