Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə və işğal altındakı Şuşa şəhəri ilə Burq Le Valans arasında “dostluq haqqında bəyanat”ın imzalanmasına münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinin icraçısı Hikmət Hacıyev bəyan edib ki, M. Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir: “Onun bu əməli “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının qanununun pozulmasıdır. Burq Le Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə də ziddir. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır”. H. Hacıyev deyib ki, bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq “dostluq haqqında bəyanat”ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir: “Marlen Murye qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir. Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !