"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində mülkiyyətin talan edilməsi, təbii sərvətlərin istismarı, Azərbaycan xalqına məxsus maddi-mədəni irsi vəhşicəsinə məhv etməsi və özününküləşdirməsi, uğursuz şəkildə demoqrafik vəziyyəti dəyişməyə cəhd etməsi və digər qanunsuz əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır".
Bu sözləri Oxu.Az-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi alban xristian irsinin və məbədlərinin mənimsənilməsi azmış kimi, ermənilərin heç vaxt yaşamadığı, işğal olunmuş Cəbrayıl rayonunda kilsə tikmələri qəsdən münaqişəyə dini don geyindirmək, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə maneə olmaqdır:
"Erməni din xadimlərinin bu qanunsuz və dini dəyərlərdən kənar təxribatçı prosesdə xüsusi canfəşanlıq göstərməsi ciddi təəssüf doğurur. Ermənistan və erməni kilsəsi tərəfindən həyata keçirilən bu kimi əməllər beynəlxalq humanitar hüquqa zidd olmaqla bərabər, digər səmavi dinlər kimi, sülhə, başqasının mülkiyyətinə hörmətlə yanaşmağa, insanların həyatına qəsd və digər təcavüzkar əməllərdən kənar durmağa çağıran xristian dininin təməl prinsipləri və müqəddəs İncilin təlimləri ilə bir araya sığmır.
Ermənistanın bu təxribatçı əməli də aidiyyəti üzrə beynəlxalq təşkilatlar çərçivəsində qaldırılacaq".
Qeyd edək ki, ermənilərin Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda tikdirdiyi Müqəddəs Məryəm kilsəsinin bu günlərdə açılışı olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !