XİN Fransanın Azərbaycana qarşı olan siyasətini pisləyib

08:42 | 22.02.2024
XİN Fransanın Azərbaycana qarşı olan siyasətini pisləyib

XİN Fransanın Azərbaycana qarşı olan siyasətini pisləyib

Fransanın yürütdüyü siyasət heç bir nəticə verməyəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında bildirilib.
 
Fevralın 21-də Fransa Prezidenti Emmanuel Makron Nikol Paşinyanla görüşdə Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarını yerinə yetirməməkdə ittiham edib. O bildirib ki, qərara əsasən, Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra Qarabağı tərk edən və geri qayıtmaq istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda bunu edə bilməsini təmin etməlidir.

"Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik. Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir. Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır. Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edib ", - bəyanatda qeyd olunub.
 
Qərbi Azərbaycan İcması da bəyanat yayaraq bildirib ki, Fransanın ən doğru addımı yalnız susmaq ola bilər. 
 
"Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emanuel Makronun bu haqda danışması "ermənidən çox ermənilik etmək”dir və gülüş doğurur. Qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir. Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - bəyanatda vurğulanıb.

Azərbaycan Qarabağda sentyabrın 19-da lokal antiterror əməliyyat keçirib. Bundan sonra Qarabağda olan separatçılar ağ bayraq qaldırmaqla təslim olduğunu açıqlayıb.Qarabağda yaşayan erməniəsilli vətəndaşlar isə Qarabağı könüllü tərk edib. Hazırda Qarabağda qalan erməniəsilli vətəndaşlar var. Azərbaycan tərəfi onlara həm humanitar həm də tibbi yardımlar göstərir. Rəsmi Bakı dəfələrlə bildirib ki, Makronun və Paşinyanın bu tip danışıqları beynəlxalq ictimaiəti çaşdırmağa cəhddən başqa bişey deyil.
 
Aygün Mirakif
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM