Beynəlxalq Ekoenergetika Akademiyasında Quba rayonunun Xınalıq kəndinin bərpa olunan enerji ilə təmin edilməsi üzrə böyük layihə hazırlanıb.
Bu barədə akademiyanın prezidenti, professor Fəqan Əliyev məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi qurumun hazırladığı layihədə enerjinin ilk növbədə günəş, çay suları və bioqazdan alınması nəzərdə tutulur. Xınalıq kəndi dəniz səviyyəsindən 2200 metr yüksəkdə yerləşdiyindən ora günəş şüası daha intensiv düşür. Buna görə də layihədə günəş enerjisinə daha çox üstünlük verilib.
Fəqan Əliyev qeyd edib ki, Azərbaycan külək, günəş, çay, biotermal, metanol, hidrogen və digər tükənməz enerji mənbələri ilə zəngindir. Odur ki, akademiya alternativ enerji mənbələrinin tətbiqi ilə bağlı bir sıra layihələr hazırlayıb. Həmçinin kənd sakinlərinə aqrar sektorun, xüsusən heyvandarlığın və balıqçılığın davamlı inkişafı üçün istiqamətlər də verilib (AzerTAc).
Bizi sosial şəbəkələrdə izləyin !