Məşhur argentinalı yazıçı, esseist, şair və tərcumçi Xorxe Luis Borxes 24 avqust 1899-cu ildə Buanes Ayresdə doğulub.
Sehirli gerçəklik (Magic realism) axımının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur. Ən məşhur əsərləri "Ficciones" (1994) və "Alef" ( 1949) yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir.
Onun işləri 19-cu əsrin realist/naturalist ənənələrinə qarşı çıxan elmi-kütləvi və sehirli reallıq kimi axımlara öz töhfəsini verib. Alimlər düşünürlər ki Borxesin korluğu ona yenilikçi ədəbi simvolları təsəvvürlləri vasitəsilə yaratmağa kömək etmişdi.
1914-cu ildə onun ailəsi Borxesin orta məktəbə getdiyi və Cenevrə Kollecindən bakalavr dərəcəsi aldığı İsveçrəyə köçür. Ailə İspaniyada qalmaqla, həm də Avropanı gəzir. 1921-ci ildə Argentinaya qayıtdıqdan sonra Borxes şeir və esselərini sürrealist ədəbiyyat jurnallarında çap etdirməyə başlayır. O, həmçinin kitabxanaçı və ictimai mühazirəçi kimi də çalışır. 1955-ci ildə Milli İctimai Kitabxananın direktoru və Buanes Ayres Universitetinin professoru təyin olunur.
O, 1961-ci ildə Samuel Bekketlə bölüşdüyü Beynəlxalq Mükafatdan sonra dünyanın diqqətini özünə cəkir. 1971-ci ildə isə Qüds mükafatını qazanır. Əsərləri tərcümə edilərək Avropa və ABŞ-da geniş şəkildə çap olunmağa başlayır. Borxes sonuncu əsəri olan "Sui-qəsdçilər"i 1986-ci ildə vəfat etdiyi Cenevrəyə həsr etmişdi.
_______________________
Xorxe Luis Borxes
ÖZGƏ (hekayə)
Bu əhvalat 1969-cu ilin fevral ayında Bostonun şimalında, Kembricdə baş verdi. Həmin əhvalatı dərhal yazmadım, çünki istəyim ağlımı itirməməkdən ötrü baş verəni unutmaqdı. İndisə, 1972-ci ildə, məncə, o barədə danışmasam, oxucular bütün bunların hamısını uydurma sayarlar, ötüb-keçən illərsə, ola bilsin, məni də o əhvalata eyni cür münasibət bəsləməyə məcbur eləyər.
Həmin məqamda çox şeylər yaşadım, amma sonra, yuxusuz gecələrdə daha ağırdı. Bu, heç də o demək deyil ki, baş verənlər barədə hekayət başqalarını həyəcanlandıracaq.
***
Səhər saat onuydu. Çarlz çayının qırağında oturacağın söykənəcəyinə yayxanıb əyləşmişdim. Sağda, məndən beş yüz metr uzaqda hündür qüllə vardı - heç indi də necə adlandığını bilmirəm. Boz - bulanıq suyun üzəriylə kələ-kötür buz parçaları axırdı. Çay şübhəsiz, zaman barədə fikirlər doğururdu. Heraklitin yaratdığı minillik obrazı. Gecəni sakit yatmışdım: axşam mühazirəm deyəsən, tələbələri tutmuşdu.
Ətrafda ins-cins yox idi.
Qəfildən mənə elə gəldi (psixoloqlar bunu ümumi yorğunluqla izah eləyirlər) ki, artıq bir dəfə buna oxşar şeylər görüb hiss eləmişəm. Böyrümdə kimsə oturacaqda əyləşdi. Mən tək qalmaq istəyərdim, amma qanacaqsız sayılmaqdan qorxub yerimdən qalxmadım. Özgə fitdə nəsə çalmağa başladı. Bu səhərin ilk sarsıntısını duydum: o, Elias Requlesin «Köhnə koma» Argentina mahnısını fitdə çalır, yaxud çalmağa cəhd (eşitmə qabiliyyətim o qədər yaxşı deyil) eləyirdi. Motiv məni artıq mövcud olmayan həyətə apardı, yaddaşımda lap çoxdan ölmüş Alvaro Melian Lafinuru canlandırdı. Sonra onuncu illərdə oxunan sözlər də eşidildi. Səs Alvaronun səsinə oxşamırdı, amma oxuyan açıq-aşkar Alvaronu yamsılayırdı. Bu səsi qorxu içində tanıdım.
Qonşuma yaxın oturub dedim:
- Senyor, uruqvaylısınız, yoxsa argentinalısınız?
- Mən - argentinalıyam, amma on dörd yaşından Cenevrədə yaşayıram, - cavab verdi.
Sonra uzun sükut çökdü. Ondan yenə soruşdum:
- Malanyu, nömrə on yeddi, rus kilsəsiylə üzbəüz?
O, başıyla təsdiq elədi.
- Yaxşı, onda, - dedim, sizin adınız Xorxe Luis Borxesdi. Biz Kembric şəhərində, 1969-cu ildəyik.
- Yox, - o, bir qədər uzaq olan öz səsimlə cavab verdi. İki-üç dəqiqə keçəndən sonra inamla dilləndi:
- Yox, mən burda, Cenevrədəyəm, Ronanın bir neçə metrliyində skamyada otururam. Ən qəribəsi budu ki, bir-birimizə çox oxşayırıq, bununla belə, məndən xeyli böyüksünüz, başınız da ağarıb.
Ona cavab verirəm:
- Sənə sübut eləyə bilərəm ki, yalan danışmıram. Mən yalnız evdəkilərin bildikləri şeylər barədə danışa bilərəm. Bizdə babamızın babasının Perudan gətirdiyi burma uzun ayaqlı gümüş mate var. Sənin otağının kitab rəfində kitablar iki cərgə yığılıblar. Orda Leynin qravürlərlə, hər fəsildən sonra xırda şriftlərdən ibarət şərhlərlə «Min bir gecə»nin üç cildi, Kişerin latın lüğəti, latın dilində, Qordonun tərcüməsində Tasitin «Almaniya»sı, Qarnye nəşriyyatının «Don Kixot»u, müəllifin ithafıyla Rivera İndartenin «Qanlı teatr»ı, Karleylin «Sartor Resartus»u, Amelinin bioqrafiyası, o biri cildlərin arxasında gizlədilmiş, cırıq-cırıq olmuş Balkan xalqlarının seksual adətləri haqqında kitab. Mən Plas Dyüburda birinci qatdakı toranlığı da unutmamışam.
- Dyüfur, - o, düzəliş verdi.
- Yaxşı. Qoy Dyüfur olsun, amma inandın?
- Yox, - cavab verdi. - Bütün bunlar sübut deyil. Əgər sizi yuxuda görürəmsə, mən bilənləri bilməlisiniz.
İrad yerindəydi. Cavab verdim.
- Əgər bu səhər də, bu görüş də yalnız yuxudusa, hər birimiz məhz özünün yatdığını, xəyal aləminə cumduğunu fikirləşəndə haqlıyıq. Bəlkə oyanacağıq, bəlkə də yox. Amma bir şey bilirəm - biz Yer kürəsini, yaşadığımızı, baxdığımızı, nəfəs aldığımızı qəbul elədiyimiz kimi, bu yuxunu da gerçəklik kimi qəbul eləməliyik.
- Bəs birdən yuxu uzun sürsə, - o, narahatlıqla dilləndi.
Onu və özümü sakitləşdirmək üçün müəyyən ötkəmliklə dedim:
- Nə olsun? Mənim yuxum artıq yetmiş ildi davam eləyir, çünki burada iki nəfərik. Bəlkə sənin gələcəyin olacaq keçmişimdən nəsə öyrənmək istəyirsən?
O, dinməzcə başını tərpətdi. Ağlıma gələn hər şey barədə danışmağa başladım:
- Anam sağ-salamatdı, Buenos-Ayresdə, Çarkas və Maypu küçələrinin yaxınlığındakı evində dolanır; atam otuz il qabaq ürəyindən ölüb. Amma əvvəllər iflic olub: bütün sol tərəfi qurumuşdu, sol əli sağ əlinin üstündə uşağın əli divin əlinin üstündə duran kimi dururdu. O, ölümü tələsdirə-tələsdirə, amma iniltisiz-filansız öldü. Nənəmiz də elə həmin evdə vəfat elədi. Ölməmişdən bir neçə gün əvvəl hamımızı çağırıb dedi: «Mən çox ləng ölən çox qoca qadınam. Əl-ayağa düşmək lazım deyil: bu, lap adi işdi», Nora, sənin bacın ərə getdi, iki oğlu var. Yeri gəlmişkən, onlar orda necə yaşayırlar?
- Çox yaxşı. Atan adəti üzrə dini ələ salır. Dünən axşam dedi ki, İsa Məsih bizim qauço kimi, çətinə düşməyi sevmir, buna görə də başqa cür danışmağı üstün tutub.
Tərəddüd eləyib məndən soruşdu:
- Bəs siz necə yaşayırsınız?
- Yazdığın kitabların sayını bilmirəm, yalnız onların çox olduğunu bilirəm. Şeirlər - onlar sənə məxsusi sevinc bəxş eləyəcəklər - fantastik hekayələr yazacaqsan. Atan və nəslimizdən bir çoxları kimi müəllimlik eləyəcəksən.
Onun kitablarımın uğurlu olub-olmadığını soruşmaması xoşuma gəldi. Sonra başqa cür davam elədi:
- Əgər tarixə müraciət eləsək… Demək olar, eyni rəqiblərin iştirakıyla daha bir müharibə olmuşdu. Fransa tez təslim oldu, İngiltərəylə Amerika Hitler adlı alman diktatoruyla çarpışdı, sonra Vaterloo altındakı döyüş təkrarlandı.
Buenos-Ayres min doqquz yüz qırx altıncı ildə bizim ilkimizə çox oxşayan iki saylı Roxası dünyaya gətirdi. Əlli beşinci ildə Kordova əyaləti əvvəllər Entre -Rios xilas elədiyi kimi, bizi qurtardı. İndi vəziyyət çətindi. Rusiya yer üzündə öz təsirini artırır, Amerika mövhumatcasına demokratiyanın düşməni kimi ad çıxarmaqdan qorxub imperiya olmağa cəsarət eləmir. Vətənimiz gündən-günə daha dərindən əyalətçiliyə yuvarlanır. Əyalətçiliklə, özündənrazılıq elə bil onun gözündə pərdədi. Əgər latın dilinin tədrisi bir vaxt quaranicə (Argentinada şivə) mühazirəylə əvəz olunsa, təəccüblənmərəm.
Gördüm ki, demək olar, mənə qulaq asmır. Onu dərkolunmazlıq, bununla yanaşı, gerçəklik qarşısında ən adi qorxu tutub saxlayırdı. Ata deyildim, amma mənə doğma oğlumdan daha yaxın olan bu yazıq uşağa ən incə hisslər duydum. Gördüm əlində bir kitab, əlləşdirir. Soruşdum, hansı kitabdı.
- «Divanələr», yaxud daha dəqiqi, Fuoder Dostoyevskinin Əcinnələr» idi, - o, qürurla cavab verdi.
- Çətinliklə yada salıram. Xoşuna gəlir? - Sözünü bitirməmiş sualımın yersizliyini hiss elədim.
- Rus klassikidi, - o, aydın tərzdə dedi, - slavyan qəlbinin dərinliyinə hamıdan artıq nüfuz eləyib.
Ritorik coşqunluğu mənə sakitləşdiyinin əlaməti kimi göründü.
Bu klassikin daha hansı kitablarını oxuduğunu soruşdum.
O, iki, ya üçünü, o sıradan «Oxşar»ı dedi.
Soruşdum, oxuyanda personajlar ona tutaq ki, Cozef Konraddakı kimi elə aydınmı görünür, tam əsərlər külliyyatının öhdəsindən gəlməyi düşünürmü..
- Düzünü desəm, yox, - o, bir qədər gözlənilməz cavab verdi.
Soruşdum, nə yazır, dedi, «Qırmızı surələr» adlanacaq şeirlər toplusunu çapa hazırlayır. Həm də «Qırmızı ritmlər» barədə düşünür.
- Niyə də sınaqdan keçirməyəsən? - cavab verdim - Adlı-sanlı xələflərinə istinad eləyə bilərsən. Ruben Darionun mavi şeirlərini, Verlenin boz nəğmələrini yada sal.
Sözlərimi qulaqardına vurub izah elədi ki, kitabında yer adamlarının qardaşlığı vəsf olunacaq. Zəmanəmizin şairi öz dövrünə arxa çevirə bilməz.
Fikrə getdim, sonra soruşdum; doğrudanmı hamını öz qardaşı sayır. Məsələn, bütün rəsmi dəbdəbəli dəfn mərasimi düzəldənləri, bütün məktub daşıyanları, bütün suya pulla cumanları, bütün tək nömrəli binaların qarşısındakı səkilərdə gecələyənləri, bütün səsi olmayanları və i.a. və i.a. Dedi, kitabı istismar olunanlar və əzabkeşlər kütləsinə həsr olunacaq.
- Sənin istismar olunanlar və əzabkeşlər kütlən,- cavab verdim, - mücərrəd anlayışdan başqa bir şey deyil. Əgər ümumiyyətlə, kimsə varsa, yalnız ayrı-ayrı fərdlər mövcuddu. «Sən bu gün artıq dünənki sən deyilsən», - bir yunan söyləyib. Bu oturacaqda əyləşən hər ikimiz - Cenevredəmi, Kembricdəmi - yəqin bunu sübut eləyirik.
Tarixin mömin lövhələrində əks etdirilənlərdən başqa bütün yaddaş faktları yaddaş sözləri olmadan keçinirlər. İnsan ölümündən qabaq uşaqlıqda ötəri gördüyü qravürü yadına salmaq istəyir; əsgərlər döyüşqabağı ağıllarına gələndən, öz serjantlarından söhbət eləyirlər. Bizim görüşümüz öz halında yeganəydi, açığını desəm, biz buna hazır deyildik. Günah kimi, ədəbiyyatdan, dildən danışırdıq, - qorxuram, adətən jurnalistlərə danışdıqlarımla müqayisədə yeni bir şey deməyim. Mənim «alter ego»m yeni metaforaların yaradılması, yaxud kəşfinin zəruriliyinə inanırdı, mənsə artıq bizim fantaziyamızla, mənim yuxularımla, yaxud hamıya məlum olan anlayışlarla yaradılmış sözlərin dəqiq uyğun gəlməsinə inanırdım. Adamların qocalması və süqutu, yuxu və həyat, zamanın axarı və su. Ona bir neçə ildən sonra kitabda ifadə elədiyim fikirlərimi söylədim. Demək olar, mənə qulaq asmırdı. Qəfildən dedi:
- Əgər siz mənimlə birgəydinizsə, 1918-ci ildə sizə özünün də Borxes olduğunu söyləyən bir ahıl senyorla görüşü unutmağınızı necə izah eləyək?
Mən bu təhlükə barədə düşünməmişdim. Ona görə bir qədər inamsız cavab verdim:
- Görünür, bu təsadüf mənə o qədər təəccüblü gəldi ki, onu unutmağa çalışdım.
O, çəkingən sual verməyi qərara aldı:
- Bəs yaddaşınız zəifləmir?
Söhbətimiz artıq yuxudakından daha uzun çəkirdi. Başa düşdüm ki, iyirmi yaşına çatmamış oğlan üçün yetmiş yaşlı kişi yarıölü görünür. Ona cavab verdim:
- Ümumiyyətlə, bu, unutmağa oxşayır, amma hələ yükləndiyinə dözməyə qadirdi. Mən anqlo-sakson dilini öyrənirəm, həm də sinifdə axırıncı hesab olunmuram.
Qəfildən ağlıma bir fikir gəldi.
- Bu dəqiqə sübut eləyə bilərəm ki, - dedim, - məni gerçəkdə görürsən. Sənin heç vaxt oxumadığın, amma mənim xatırlaya bildiyim bu fikirlərə qulaq as.
Sonra asta-asta heyrətamiz misraları söylədi:
- L’hudre - univers tordant son corps ecaille d’astres (özünün ulduzlu - pulcuqlu bədənini qıvrıldan İlan - Kainat). Onun heyrətini, az qala qorxusunu duydum. Möcüzəli sözlərin hər birindən zövq ala-ala astadan təkrar eləyirdi.
- Doğrudan da, - donquldandı. - Heç vaxt bu cür şey eləyə bilməyəcəyəm.
Hüqo bizi birləşdirdi.
Bundan əvvəlcə o, coşqun halda əzbərdən oxuyurdu, mən indi Uolt Uitmendən kiçik bir parçanı xatırlayıram, burda şair ikilikdə, doğrudan da xoşbəxt olanda dəniz qırağındakı gecəni yaddaşda canlandırır.
- Əgər Uitmen onu vəsf eləyirsə, - öz növbəmdə qeyd elədim, - deməli, o, bu gecəni istəyirdi, amma təəssüf ki, həmin gecə yox idi. Poema onda yaşadıqlarımızdan doğan sevinci yox, ehtiraslı istəyin təəssüratını doğurur.
O, dinməzcə mənə baxıb dilləndi:
- Onu tanımırsınız, Uitmen yalan bacarmır. Yarım əsr elə-belə keçmir. Bizim, fərqi səviyyədə, müxtəlif zövqlərlə oxumuş iki adamın söhbəti zamanı dərk elədim ki, bir-birimizi başa düşə bilməyəcəyik, bu da həmişə dialoqu çətinləşdirir. Hər birimiz digərinin məsxərəçisiydik. Vəziyyət çox vaxt aparmaqdan ötrüı həddən artıq süniydi. Mübahisə eləməyin, yaxud məsləhətləşməyin mənası yoxudu, çünki onun qaçılmaz yolu mənim yoluma çevrilirdi.
Qəfildən ağlıma Kolricin1 fantaziyalarından biri gəldi. Kimsə yuxusunda görür, guya cənnətdə gəzir, burda ona sübut kimi gül bağışlayırlar. Oyananda böyründə gül görür.
Mən də belə bir şey eləmək istədim.
- Bura bax, - ona dedim, - səndə nağd pul var?
- Hə, - cavab verdi - İyirmi frank. Bu axşam Simon Jaklinskini «Timsah»a dəvət eləmişəm.
- Simona çatdır, o Karujda təbabəti öyrənəcək, çoxlu xeyirxah işlər görəcək… Yaxşı, pullarından birini mənə ver.
_____________
1. «Kolricin yuxusu» essesinə bax
O, üç gümüş frankla xırda pul çıxartdı. Çaşqınlıqla gümüş pulu mənə uzatdı. Mən müxtəlif dəyərli, amma həmişə eyni formalı olan bu yararsız Amerika kağızını ona uzatdım. O, pula böyük maraqla baxdı.
- Ola bilməz! - qışqırdı. - Burda buraxılış tarixi göstərilib - 1964-cü il!
(Bir neçə aydan sonra bir nəfər mənə deyəcək ki, kağız pulların üstündə tarix qoyulmur).
- Bütün bunlar sadəcə, möcüzədi, - o, çətinliklə dilləndi, - möcüzələrsə mənə qorxu təlqin eləyir. Lazarın zühurunun şahidləri burda dəhşətə gələrdilər.
Biz yerimizdən tərpənməmişik, fikirləşdim. Yenə kitab nəqaratları başladı.
O, kağız pulu cırdı, mənəsə dəmir pulu saxladı. Suya uçan gümüş pul bu tarixçəmdə gerçəkliyin təcəssümü olmalıydı, amma tale başqa cür göstəribmiş. Cavab verdim ki, əgər fövqəltəbiilik təkrarlanırsa, daha qorxutmur. Sabah iki ayrı dövrdə, iki ayrı yerdə duran elə bu oturacaqda görüşməyi təklif elədim.
O, dərhal razılığını bildirdi, saata baxmadan dedi, getmək vaxtıdı. İkimiz də yalan danışırdıq, ikimiz də bilirdik, həmsöhbəti yalan deyir. Ona dedim, indi mənim dalımca da gələcəklər.
- Dalınızca gələcəklər? - təəccübləndi.
- Hə. Mənim yaşıma çatanda, demək olar, tamam kor olacaqsan. Sarı rəngi, kölgə və günəşi seçə bilərsən. Amma həyacanlanma. Korluğun tədricən gəlməsi faciə deyil. Bu yay toranlığının asta-asta qatılaşması kimidi.
Bir-birimizə toxunmadan vidalaşdıq. Səhəri gün ora getmədim. Özgə də yəqin getmədi.
***
Kimsəyə danışmadığım bu görüş barədə çox düşüncələrə daldım. Məncə, indi axır ki, həqiqətə yetdim. Görüş gerçəklikdi, özgə mənimlə yuxuda söhbət eləyirdi, ona görə də məni unuda bilərdi. Mən onunla gerçəklikdə söhbət eləyirdim, xatirələrsə indiyədək mənə əzab verir.
Özgə məni yuxuda gördü, amma yetərincə açıq-aşkar görmədi. İndi başa düşürəm ki, dolların üzərində olmayan tarix ona daha aydın görünmüşdü.
Cevirəni Nəriman Əbdülrəhmanlı