XX əsr əfsanəsinin doğum günüdür - Rəşid Behbudov

13:00 | 14.12.2013
XX əsr əfsanəsinin doğum günüdür - Rəşid Behbudov

XX əsr əfsanəsinin doğum günüdür - Rəşid Behbudov

Görkəmli Azərbaycan sənətkarı Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslindən olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. 

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. O, 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. 

Bundan başqa 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. 

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R. Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. R. Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb. 

Dünyaşöhrətli sənətkar Rəşid Behbudova 1959-cu ildə SSRİ Xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülüb. 

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. 

Qızı Rəşidə Rəşid onun sənətinin davamçısıdır. 

Əsərləri: 

Alagöz

Ana

Azərbaycanım

Ayrılıq 

Bakı

Bakının ulduzları

Bayatılar

Bahar sənsiz

Evləri var

Gözəlim sənsən

Küçələrə su səpmişəm 

Lalələr

Sənə də qalmaz

Qızıl üzük və s.

 

Filmoqrafiya:

Arşın mal alan (film, 1945) 

Doğma xalqıma (film, 1954)

Bəxtiyar (film, 1955)

Səadət yolu ilə (film, 1956) (sənədli film)

Azərbaycan mədəniyyətinin baharı (film, 1959)

Romeo mənim qonşumdur (film, 1963)

Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən

Toyda görüş (film, 1970) (sənədli film)

Ürəkdən-ürəyə (film, 1970) (sənədli film)

1001-ci qastrol (film, 1974)

Rəşid Behbudov (film, 1975) (sənədli film)

Azərbaycan elləri (film, 1976) (sənədli film)

Nəğməkar torpaq (film, 1981) 

Rəşid Behbudov (film, 1985) (sənədli film)

Ürək nəğməsi (film, 1989) (sənədli film)

Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-ifasından istifadə edilən müğənni

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti