Yalançı "kupça" vədləri - Diqqətli olun

18:41 | 13.03.2017
Yalançı

Yalançı "kupça" vədləri - Diqqətli olun

Maştağa qəsəbəsinin yerli bələdiyyəsi 2011-ci ildən bəri yığılıb qalan torpaq vergisini 1 ayda almaq qərarına gəlib.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən qəsəbə sakinləri bildirirlər ki, bələdiyyədən 6 il müddətində onlara borcla bağlı heç bir xəbərdarlıq edilməyib. Sakinlər deyirlər ki, nümayəndələr yalnız bu borc ödənildiyi təqdirdə 2020-ci ildə vətəndaşlara "kupça" veriləcəyini də vəd edirlər.

Məsələ ilə bağlı sayta açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı torpaq vergisini yığan qurumla "kupça" verən qurum arasında heç bir əlaqənin olmadığını vurğulayıb:

"Sadəcə olaraq, bu gün kimsə ola bilər ki, vergini rahat almaqdan ötrü spekulyasiya ilə məşğul olub vətəndaşlara yalan vəd verir. 2020-ci ildə vətəndaş müraciət edib çıxarışını ala bilmədikdə isə vergi yığanı axtarmayacaq. Çıxarış verməli olan təşkilata iradlarını bildirəcək ki, siz məni aldadıb çıxarış vermək adıyla pul aldınız.

Mənə elə gəlir ki, bu məsələdə vətəndaşlar bir qədər diqqətli olmalıdırlar. Yəni, mən demirəm ki, vergini ödəmək lazım deyil. Sadəcə, vergini ödətdirməyin də qaydaları var. Bunu yalan vədlər verməklə etmək olmaz. Yerli bələdiyyələr vətəndaşlar üçün işlər görməlidir ki, onlar vergini rahat ödəsinlər. Bundan əlavə, bələdiyyə orqanının dediyi kimi, ölkə başçısının da 2020-ci ilə qədər torpaq vergisini ödəyənlərin hamısına çıxarış verəcəkləri ilə bağlı sərəncamı yoxdur".

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov sayta açıqlamasında bildirib ki, bələdiyyə orqanı təmsil etdiyi qurumun adından danışa bilməz: "Əgər vətəndaşın ilkin torpaq alma sənədləri uyğundusa, ona çıxarış verilir. Yəni, sənədləri qanunvericiliyə uyğun olan vətəndaşlar bizə müraciət edib çıxarış ala bilərlər".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM