Dövlət Gömrük Komitəsinin son hesabatını Transparency.az-a şərh edən iqtisadçı alim Qubad İbadoğlu Azərbaycanın ixrac gəlirlərinin azaldığını vurğulayıb: "Bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda xam neft, təbii qaz və neft məhsullarının ixracından gəlirlər 9,3 milyard dollar azalıb. Noyabrın 1-nə olan hesablamaya görə, bu il ərzində yanacaq resurslarının ixracından aylıq azalma 930 milyon dollar, adambaşına 969 dollar və ya 1000 manatdır.
Ölkəmizin bütövlükdə ixrac gəlirləri isə müqayisə olunan dövrdə 49,1 faiz aşağı düşüb. Dövr ərzində ixracda əsas mallar sırasında meyvə-tərəvəz məhsulları, kimya sənayesi malları, alüminium və ondan hazırlanan məmulatlar istisna olmaqla bütün əmtəələr üzrə azalma qeydə alınıb.
İdxalda əsas mallar siyahısında artım buğda, meyvə-tərəvəz, əczaçılıq məhsulları, oduncaq, qara metallar, nəqliyyat vasitələri və onların hissələrində müşahidə olunub. Dövr ərzində ölkəyə 21,5 minə qədər minik avtomobili və digər motorlu nəqliyyat vasitələri idxal olunub, bu da əvvəlki illə müqayisədə 54,7 faiz azdır. 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, ölkəyə 47,4 minə qədər avtomobil idxal olunmuşdu”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !