Yanğından zərər çəkən sahibkarlara pul ödəniləcək? - “Diqlas” təcrübəsi təkrarlana bilər

15:24 | 10.12.2019
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. "Eurohome” şirkətinin icraçı direktoru Kərimə xanım mediaya açıqlamasında bazarda olan obyektlərin hamısının sığortalandığını deyib. Ancaq yanğın zamanı zərər dəyən sahibkarların sözlərinə görə, bazarda fəaliyyət göstərənlərin yarısının sığortası yoxdur. Bu səbəblə onlar komissiya yaradılmasını tələb edirlər.

Bu barədə "Yeni Sabah”a danışan sığorta üzrə ekspert Xəyal Məmmədxanlı qeyd edib ki, dövlət baş verən hadisə ilə bağlı kompensasiya ödəməməlidir:
"Mən belə düşünürəm ki, heç komissiyaya ehtiyac yoxdur. Əgər sahibkarların daşınmaz əmlaklarının, tutaq ki, binanın özünün sığortalanmasından söhbət gedirsə, bu 2011-ci ildən Azərbaycanda qanunla məcburidir. Xüsusi müqavilələrin bağlanmasına da FHN nəzarət edir və bağlamayanlara da çox ciddi cərimələr yazılır. Amma problem ondadır ki, sığorta müqavilələri çox vaxt formal xarakter daşıyır. Yəni, əmlakın dəyəri 20 milyondursa, buna görə vətəndaş 0.2 faizlə, illik 40 min sığorta haqqı ödəməlidir.
 
Amma bina sahibləri bunun əvəzində sığorta şirkətlərinə təklif edirlər ki, gəl sənə 4 min manat verim, buna uyğun mənə müqavilə bağlayın. Bunun müqabilində də artıq əmlak 20 milyona yox, 2 milyona sığortalanmış olur. Əksər sahibkarların əmlakları bu şəkildə öz dəyərindən qat-qat aşağı məbləğə sığortalanıb. Bu birinci problemimizdir. İkinci problem odur ki, həmin daşınmaz əmlak qanunla sığortaya cəlb olunsa da, heç bir qanunumuzda vətəndaşın və sahibkarın  özünə məxsus olan mallar, əmlaklar, əmtəələr sığortaya cəlb olunmurlar. Yəni, bunların sığortası məcburi deyil. Yalnız sahibkar istəsə, könüllü qaydada sığortalaya bilər. Lakin könüllü qaydada sığortalanmaq da mümkün deyil.
 
Səbəb isə o tipli ticarət mərkəzlərində satılan malların heç birinin rəsmi uçotu və rəsmi hesabatının olmamasıdır. Bilinmir ki, o mağazada nə qədər mal var, nə vaxt daxil olub, hansı qiymətə mağazaya gəlib, hansı qiymətə satılıb - bunların hamısı vergi uçotundan gizlədilir. Ona görə də sığorta şirkətlərinə müraciət edəndə ki, gəlin sığortalayın, həmin şirkətlər mağazada mövcud olan mallar barəsində rəsmi sənəd tələb edir. Bu da olmayanda sığorta şirkəti sığortalamadan haqlı olaraq imtina edir. Sabah yenə bu günkü kimi yanğın baş versə, müəyyən etmək olmayacaq ki, orda nə qədər mal olub".

Ekspert problem ilə bağlı həll yolları da təklif edib:

"Daşınmaz əmlakla bağlı məsələdə nəzarət gücləndirilməlidir. Əmlaklar öz bazar real bazar dəyəri ilə sığortaya cəlb olunsunlar. Həmin icarədarlarla rəsmi icarə müqavilələri imzalanmalıdır. Bəzən sahibkarlar deyə bilər ki, biz bunu çox vergi ödəməmək üçün edirik və s. hətta bununla bağlı da mən təklif etmişəm ki, qoy vətəndaşlara amnistiya verilsin. Tutaq ki, dürüst şəkildə anbarda nə qədər mal olduğu bəyan edilsin. Sahibkarlar da o vergidən azad edilsin. Amma vaxt verilsin ki, o malları satıb qutarandan sonra hər şeyi rəsmi edəcəksən. Bu edilməlidir, əks halda vəziyyətdən başqa çıxış yolu yoxdur. Bu ilin artıq neçənci yanğıdır ki, baş verir. Sonra da zərər çəkmişlər Prezident Aparatının, fondun qabağında yığılırlar ki, bizə kömək edin. Mən dövlətin belə məsələlərdə kompensasiya verməsinin qəti əleyhinəyəm. Çünki tənbəlləşirlər, dövlətin sığorta sistemi var. Yanğın başlayanda bu məsələ aktuallaşır, sönəndə bu məsələ də unudulur”. 

Yanğın zamanı ətrafda olan avtomobillərə dəyən ziyanla bağlı siğorta məsələsi də müzakirə olunur Bu məsələ ilə bağlı isə Nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrəndik. Ekspert yalnız tam şəkildə sığortası olanlara dəyən ziyanın əvəzinin ödəniləcəyini bildirdi:

"Bu bir təbii fəlakət hesab oluna bilər və bundan heç kim sığortalanmayıb. Əgər kasko sığortası varsa, dəymiş zərəri sığorta ödəyə bilər. Amma reallıqla yanaşanda görürük ki, əksər sürücülərin kasko sığortası yoxdur. Ümumiyyətlə, bizdə sığortaya maraq azdır. İcbari sığortanı da cərimə ödəməmək üçün edirlər. Təəssüflə qeyd edirəm ki, orda insanlara  dəymiş ziyanın ödənilməsi müəmmalı məsələdir. Orda zərər görmüş obyektlərin də böyük ehtimalla, 80-90%-in sığortası yoxdur”. 

Xatırladaq ki, bu il baş verən "Diqlas" yanğınında 400 nəfərdən çox vətəndaşa zərər dəymişdi. Sahibkarların siğortası olmamasına baxmayaraq, Prezident İlham Əliyev məsələ ilə bağlı komissiyanın yaradılması və zərər çəkənlərə maddi yardım edilməsi ilə bağlı sərəncam imzalamışdı.  

www.anews.az
loading...