Yanukoviç qətllərə görə məsuliyyət daşıdığını etiraf etdi

11:20 | 23.06.2015
Yanukoviç qətllərə görə məsuliyyət daşıdığını etiraf etdi

Yanukoviç qətllərə görə məsuliyyət daşıdığını etiraf etdi


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında devrilməsinə səbəb olmuş qətllər üçün məsuliyyət daşıdığını qəbul edib.

"Mən məsuliyyətdən boyun qaçırmıram", o, BBC Newsnight proqramına müsahibəsində Kiyevdə Maydan hadisələrində etirazçılara güllə açılması barədə verilən suallara cavabında bildirib.

Sabiq prezident təhlükəsizlik qüvvələrinə heç vaxt güllə atmağa icazə vermədiyini deyib. Eyni zamanda o, qan tökülməsinin qarşısını almaq üçün yetərincə çalışmadığını da etiraf edib.

"Mən atəş açılması üçün göstəriş verməmişəm, güc tətbiq edilməsinə qarşı idim. Ancaq təhlükəsizlik qüvvələri qanuna uyğun hərəkət edərək öz vəzifələrini yerinə yetiriblər. Onların silahdan istifadə etməyə hüquqları var idi", o deyib.

Bu, Yanukoviçin ötən il vətəndaş müharibəsinin başlamasından sonra qərb mediasına verdiyi ilk müsahibədir.

Ötən ilin fevralında baş vermiş hadisədə 100-dən çox etirazçı həyatını itirib.

Qanlı gündən bir il sonra bəzi şahidlər BBC-ə polislərin də atəşə tutulduğunu bildiriblər.

Cənab Yanukoviç 2014-cü ilin fevralında Rusiyanın xüsusi təyinatlıları tərəfindən aparılaraq, Rusiyada təhlükəsiz sığınacaq əldə etmişdi.

Krımda baş verən hadisələrdən danışan sabiq prezident "müharibə qorxulu yuxu idi, amma gerçək oldu" deyib.

Onun sözlərinə görə, Rusiyanın Krımı ilhaq etməsi "faciə" idi, lakin bu, onun vaxtında baş verməzdi.

Müsahibə zamanı Yanukoviç dövlətdən mənimsədiyi vəsaiti xarici bank hesablarında gizlətdiyi barədə ittihamları təkzib edib.

Ölkəni tərk edəndən sonra etirazçılar tərəfindən ictimai baxışa açılan dəbdəbəli iqamətgahın ona məxsus olmadığını da bildirib.

"Bəli, korrupsiya var idi, bunu heç kim inkar etmir. Lakin il yarım keçib və indi hakimiyyətdəkilərin hər şeyi var. Göstərin, Yanukoviçin bank hesablarını haradadır? Onlar yoxdur və heç vaxt olmayıb", o deyib.

İnterpol bu ilin yanvarında Yanukoviçin adını axtarılanlar sıiyahısına salıb. Ukraynalı rəsmilər onu milyonlarla dollar mənimsəməkdə ittiham edir. /BBC Azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM