YAP baş vermiş hadisəyə görə xalqdan üzr istəməlidir - Partiya sədrləri DANIŞDI

15:29 | 30.07.2021
YAP baş vermiş hadisəyə görə xalqdan üzr istəməlidir - Partiya sədrləri DANIŞDI

YAP baş vermiş hadisəyə görə xalqdan üzr istəməlidir - Partiya sədrləri DANIŞDI

Deputat Eldəniz Səlimovun iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində qohumuna məxsus iaşə obyektində karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi xəbəri təsdiqlənib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi insidentin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.

Millət vəkili Eldəniz Səlimov həm də Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Anews.az baş vermiş hadisə ilə bağlı digər partiya sədrlərinin də fikirlərini öyrənib.

"Ana Vətən” partiyasının sədri deputat Fəzail Ağamalı bildirib ki, deputat öz cəzasını alacaq.


"Məsələ Milli Məclisin İntizam komitəsində müzakirəyə çıxarılacaq. İclasda baş vermiş hadisənin detalları müzakirə ediləcək. Deputat öz cəzasını alacaq. Sözsüz ki, birinci növbədə ona töhmət veriləcək. Başqa hansı cəzaların olacağı isə müzakirələrin nəticəsində bəlli olacaq. Çünki ortada xuliqanlıq, zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejiminin pozulması halları var.Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir” –deyə əlavə edib.


Vətəndaş Həmrəliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bildirib ki, bəzən deputat ona verən mandatdan sui-istifadə edir.

"Məsələ araşdırmalıdır. Bəzən olur polislər də öz səlahiyyətlərini aşır. Təəssüflə qeyd edirəm ki, sui-istifadə deputatlar arasında da olur. Xalqın seçdiyi adamlar vəzifəsindən asılı olmayaraq xalqın hər bir üzvünə səbrlə yanaşmalıdır. Məsələ intizam komissiyasında müzakirə olunacaq. Vəzifə başında olan polisə toxunmaq olmaz.Yəqin ki, müzakirələrdən sonra baş vermiş hadisəyə hüquqi qiymət veriləcək” – deyə deputat əlavə etdi. 


Milli Cəbhə Partiyasının sədri millət vəkili Razi Nurullayevin sözlərinə görə  bitərəf yanaşmaqla hadisəyə qiymət vermək doğru deyil. 

"Eldəniz Səlimov Milli Məclisdə ən sakit deputatlardan biridir. Məsələyə araşdırılma bitəndən sonra qiymət verilməlidir. Birtərəfli qaydada qiymət verib deputatı hədəf almaq doğru deyil. Deputatlar davranışı və mədəniyyətləri ilə hər kəsə nümunə olmalıdır. Başqa ölkələrdə də deputatlar var və onlarda da belə hadisələr olur. Azərbaycanda Milli Məclisin üzvləri elə də qalmaqal ilə yadda qalmır.Sosial şəbəkələrdə yazılanlar məni narahat etdi. Heç kimi birtərəfli hədəf almaq olmaz. Bu məsələdə bir çoxları polisi müdafiə edərək, deputatı günahkar çıxarır. Eynilə polisin bir səhvi olanda hamı düşüb bir insanı hədəf alır. Düzgün yanaşma deyil. Bizdə öldürülməlidir, yandırılmalıdır, dar ağacından asılmalıdır, dənizdə boğulmalıdır, üstündən maşın keçməlidir, təyyarəyə qaldırıb üzü aşağı atılmalıdır, ayağına daş bağlayıb dənizin dibinə atılmalıdır yanaşmalarından uzaq olmalıyıq. Bu cür yanaşmalar cəmiyyəti bölür. Ümid edirəm məsələyə doğru şəkildə  hüquqi qiyməti veriləcək” – deyə qeyd etdi. 


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin fikrincə bu polisə qarşı edilən qanun pozuntusudur. 

"Heç bir deputatın digər vətəndaşlardan artıq hüququ yoxdur ki, istədiyi kimi hərəkət etsin. Polisə qarşı belə bir addım atmaq səhvdir. Bu cinayət əməlidir. Həmin deputat qanun qarşısında cavab verməlidir” –deyə Əli Kərimli bildirib.  


 
"Ağ” Partiyanın sədri Tural Abbaslı isə deyib ki, baş vermiş hadisəyə görə YAP xalqdan üzr istəməlidir. 

"Bütün dünyada deputatın toxunalmızlığı var. Deputatlar bu toxunulmazlığdan sui-istifadə edib qanunu poza bilməz. Əgər sən deputat olaraq karantin qaydalarına əməl etmirsənsə, sadə vətəndaş niyə əməl etsin? Düşünürəm ki, Milli Məclisin intizam komissiyası özünə deputat deyən bu şəxs barəsində lazımı qərarı verəcək. Həmin deputatın mandatı ləğv olunmalıdır. Eldəniz Səlimov YAP-ın nümayəndəsidir. Hətta bu partiya səviyyəsində müzakirə olunaraq həmin partiyadan uzaqlaşdırılmalıdır. Burada deputatın törətdiyi əməl yox, ortada bir simvolik görüntü var ki,  Azərbaycanda qanunlara yox şəxslərin üstünlüyünü daha öndədir. Dövlət olaraq qarşısı alınmalıdır. Deputatın etdiyi hərəkət parlamentə  və onun partiyasına hörmətsizlik hərəkətidir. YAP olaraq belə bu tərbiyədə, bu əxlaqda olan insanları parlamentə saldıqları üçün xalqa üzr də borcludurlar. Polisi döyən deputat seçicisini daha betər duruma salar. Bu cür halların üzr istəməklə bitməsi doğru deyil” – deyə əlavə edib. 


Baş vermiş hadisə ilə bağlı YAP –ın ictimaiyyətlə əlaqələr şöbəsindən anews.az-a bildirildi ki, baş vermiş hadisədən təəssüf hissi keçirir və məsələyə hüquqi qiymət verildikdən sonra hadisəyə münasibət bildiriləcək. 

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb