Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JAYKA) Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmasına hazır olduğunu açıqlayıb.APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu JAYKA-nın rəsmisi Hideaki Yuki Hair Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejadla birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, JAYKA mütəxəssisləri Qərbi Azərbaycan vilayətində olaraq Urmiya gölünə baxış keçiriblər. Bu il yanvarın 30-da JAYKA mütəxəssisləri Urmiya gölündəki böhranın aradan qaldırılması üçün yenidən İrana səfər edəcəklər. Səfər fevralın 7-dək davam edəcək. Yaponiya nümayəndə heyətinə su mənbələri və kənd təsərrüfatı sahəsində mütəxəssis olan 5 nəfər daxil olacaq. Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Hazırda dünyanın ikinci duzlu gölü olan Urmiya gölünün yalnız 15%-i qalıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !