Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu Avstraliyada konsert proqramı ilə çıxış edəcək.
Sənətçinin APA-ya verdiyi məlumata görə, konsertdə Azərbaycanın Avstraliyadakı səfiri və konsulu, diplomatik korpusun nümayəndələri iştirak edəcəklər: “Mən Avstraliyada 1994 və 2003-cü illərdə iki dəfə konsert vermişəm, bu üçüncü konsertimdir. Azərbaycandan bu uzaq ölkəyə konsert vermək üçün Zeynəb Xanlarova və məndən başqa heç kim getməyib. Konsert Avstraliyanın dörd şəhərində baş tutacaq. Dekabrın 6-da Brisben, 7-də Sidney, 8-də Melburn, 9-da isə Viktoriya şəhərlərində olacaq. Bizim musiqimizi bütün dünya sevir. Mən fəxr edirəm ki, musiqimiz növbəti dəfə Avstraliyada səslənəcək. Viza məsələsi çətin olduğuna görə Azərbaycandan musiqiçi apara bilmədim. Amerikada yaşayan azərbaycanlı musiqiçi dostlarımız gələcək, məni müşayiət edəcəklər”.
Y.Zurufçu əlavə edib ki, konsertin repertuarında özünün müəllifi olduğu mahnılarla yanaşı, Üzeyir Hacıbəyovun, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun əsərləri və xalq mahnıları da olacaq.
ANN.Az