Yas mərasimində şəhidə vağzalı çaldıran ana danışdı - "Bu arzum idi" - VİDEO

17:52 | 29.11.2021
Yas mərasimində şəhidə vağzalı çaldıran ana danışdı -

Yas mərasimində şəhidə vağzalı çaldıran ana danışdı - "Bu arzum idi" - VİDEO

Cəbrayıldan olan şəhid Emin İsmayılovun ölümünün ildönümündə şəhidin anım mərasiminin vağzalı ilə başlaması sosial şəbəkələrdə birmənalı qarşılanmasa da şəhidin anası bunu doğru hesab edir.
 
Anews.az-a açıqlamasında şəhidin anası Məlahət İsmayilova bildirib ki, onu qınayanlar həmin mərasimdə baş verən digər görüntülülərdən də danışsaydı daha ədaləti olardı.  Çünki oğlunun il mərasimi heç də sosial şəbəkələrdə göründüyü kimi toy formatında keçməyib. 

"Noyabrın 27-də tək övladım olan Emin İsmayilovın şəhid olmasının ildönümü idi. Mərasimin sadəcə giriş hissəsində oğluma toy edə bilməmişdim deyə istəyimlə oğlumun maketi ilə iki dəqiqəlik vağzalı çalınıb.Həmin mərasimdə heç bir təşkilatçılıq olmayıb. Sadəcə arzumu bu şəkildə ifadə etmişəm. Yaxınlarım da bunu etməyimə qarşı idi, amma mən hamıya qarşı çıxıb bu arzumu həyata keçirməklə özümdə rahatlıq tapdım. Mərasimə aid bütün xərcləri, ehsan süfrəsini öz vəsaitim hesabıma etmişəm. Restoran sahibi də çox sağ olsun ki, mənə güzəştlər etdi. Sosial şəbəkələrdə haqqımda kimin nə deməsi məni narahat  etmir. Mən pis heç nə etməmişəm. Həmin mərasimdə oğlumun hərbi geyimlə parad formasında müharibəyə getdiyi bayraqla olan fotosu gəlib, Quran oxunub və digər səhnələr olub. Onu kimsə paylaşmayıb. Qərəzsiz olan hər kəs zəhmət olmasa o görüntüləri də yaysın. Mən səhv heç nə etməmişəm". 

Emin İsmayılovun ildönümündə iştirak edən Şəhid Vüsal Vəliyevin qardaşı Elyar İsmayiloğlu da qeyd edib ki, bu cür halların baş verməsinə  günahkar təşkilatçılardır. 

"Şəhid Emin İsmayılovun ildönümü mərasimində mən də iştirak etdim. Lakin tədbirə bir az gec getdiyim üçün vağzalı çalınan hissəni görməmişəm, sadəcə həmin görüntüləri sosial şəbəkələrdə izlədim. İndi təşkilatçılar yeni metod tapıblar. Pandemiya dövründə toyların sayının azalmasını əsas gətirib yas mərasimlərini geniş təşkil edirlər. Hələ mövzu şəhid ailəsidirsə daha başqa cür yanaşırlar. Ailənin həssas nöqtəsini tutub yadda qalan edəcəklər kimi fikirlərlə şəhid ailələrinə təsir edirlər. Təşkilatçı tanıyıram ki, hər yasdan 2-3 min manat çıxartmasam tədbir keçirmirəm deyib. Emin İsmayilovun da yas mərasimi restoranlardan birində keçirilib. Stolun üstündə toylardakı kimi bir neçə cür yemək-içmək, şirniyyatlar var idi. Mən yas mərasimlərinin restoranlarda keçirilməsinin əleyhinəyəm. Naxçıvanda yas mərasimində stolun üstündə su, xurma, limon və halvadan başqa heç nəyə icazə verilmir”,-  deyə şəhid qardaşı bildirdi.

Cəbrayıl-Qubadlı dairəsinin deputatı Ceyhun Məmmədov şəhid Emin İsmayılovun il mərasimində iştirak etdiyini və vətəndaşların bu cür hallarda daha diqqətli olmasını vurğuladı.

"Şəhid Emin İsmayilovun ildönmündə Fəxri Xiyabanında olan hissə və tədbirin keçirilən məkanında iştirak etdim. Tədbirin girişində şəhidə vağzalı çalınması sadəcə ananın arzusu olub. Həmin tədbirdə digər mərasimə aid məqamlar da icra olunub. Emin İsmayilov vətənini sevən gənclərdən olub. Fikrimcə gələcəkdə bu kimi tədbirlər keçiriləndə diqqətli olmaq lazımdır ki, şəhidlərin əziz xatirəsinə uyğun olsun. Bu məsələnin müzakirəyə çevrilməsinin də tərəfdarı deyiləm”, deyə Ceyhun Məmmədov deyib. 

İlahiyyatçı Hacı Şahin dində bu cür hadisələrə qarşı məhdudiyyətlərin olmamasını bildirib. 

"Dində yas mərasimlərində vağzalı çalınması ilə bağlı heç bir qadağa göstərişləri yoxdur. Bu cür halda şəhid ailəsinin narahatlığını anlamaq olar. Daha yaxşı olar ki, şəhidlərin anım günü xeyirxah işlərlə yadda qalsın. Ehsan deyəndə təkcə yemək anlayışı anlaşılmasın. Ehsan yaxşılıq deməkdir. Qüssə verəcək, şəhidi xatırladacaq davranışlar olsa daha yaxşı olar. Şəhidlik uca bir addır və yüksək dəyərlərə sahibdir", - deyə ilahiyyatçı əlavə edib.

Millət vəkili Fazil Mustafa baş verən hadisəyə münasibət kimi bildirib ki, yas mərasimlərində ağlayıb-sızlamaq mütləq deyil.

"Şəhidin anım mərasimini necə keçirmək insanın seçiminə aid olan hissədir. Buna qarışmaq doğru deyil. Əksinə buna mane olmaq özü yalnışdır. Kimi mərsiyə deməklə, kimi bu cür keçirmək istəyir. Övlad itkisi ağırdır. Şəhidin anası da mərasimi bu cür keçirməklə özünə təsəlli verib. Hamımız öləcəyik. Ölümə görə bu qədər insanların həyatını kədər üzərində qurması anlaşılan deyil. Azərbaycanda ağlamaq-sızlamaq ənənəsi bizə başqa yerlərdən gəlir. Ona görə də bu cür məsələlərə daha fərqli yanaşmaq lazımdır”, - deyə deputat qeyd etdi. 

Emin İsmayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N” saylı hərbi hissədə xidmət edib.Azərbaycan Ordusunun əsgəri olan Emin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşaraq 6 oktyabr 2020-ci il Kəlbəcər istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub və II Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra prezidentin sərəncamı ilə  "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. 



Gülnar Nazimqızı 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb