Yasamal İcra Hakimiyyətinin başçısı sakinlərə görülən işlər barədə məlumat verdi

16:38 | 25.01.2023
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları dinləyib. Səyyar qəbul rayondakı 53 saylı tam orta məktəbdə keçirilib. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verdi.
 
Bildirildi ki, 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, vətəndaş məmnunluğunun təmin edilməsi hər bir dövlət məmurunun əsas məqsədi olmalıdır.


Daha sonra söz alan vətəndaşlar rayondakı  qəzalı su xəttlərinin təmiri, küçələrin işıqlandırılması, dövlət ehtiyacları üçün alınan evlərin qiymətləndirilməsi üsulu, əlillər üçün iş yerləri, yaşayış binalarının işıqlandırılması və istiliklə təmini, kommersiya qurumları tərəfindən səkilərin zəbt edilməsi, Alatava yaşayış massivində gözlənilən söküntü, rayon ərazisində narkomaniya ilə mübarizə və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti