Bakının Yasamal rayonu "Yeni Yasamal 1", Əsəd Əhmədov 22-a ünvanında yerləşən “Arabaçı" MTK-nın sakinləri yaşadıqları problemlərlə əlaqədar etiraz aksiyası keçiriblər.Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, 500 ailə üçün nəzərdə tutulmuş, 6 bloklu, 16 mərtəbəli “Arabaçı” MTK- da artıq 70-80 faizdən çox məskunlaşma var. Bina 2005-ci ildə təsisçi Məmmədov Sakit Murtuz oğlu tərəfindən tikilməyə başlanılıb və 2007-ci ildə bütün kommunal xətlərin çəkiləcəyinə, binaya qaz veriləcəyinə dair söz verilib. Məmmədov Sakit Murtuz oğlu yazılı surətdə söz versə də, heç bir əməli addım atmayıb: "Liftlər binanın həyətində quraşdırılmamış qalır, bina sakinləri rəsmi qaydada abunə olmadığından ümumilikdə götürsək, hər ay 30.000 manatdan artıq işıq pulu və su pulunu dövlətə deyil, ayrı-ayrı şəxslərə ödəyir, binaya telefon xətti dövlət şirkəti tərəfindən deyil, maddi maraqlar ucbatından özəl provayderlərdən az sayda bina sakininə çəkdirilib və nəticədə sakinlərin böyük qismi XXI əsrdə Bakı kimi şəhərdə telefonsuz mənzildə yaşayır. Heç şübhəsiz saysız-hesabsız problemlərin başında isə qaz problemi dayanır. Artıq neçə ildir yüzlərlə ailə qışı çətin şəraitdə keçirir. Körpə uşaqlar, ahıl yaşlı insanlar soyuqdan, şəraitsizlikdən yatağa düşüb. Ancaq buna baxmayaraq binanın təsisçisi Məmmədov Sakit neçə ildir ki, binaya yaxın durmur, qaz problemini həll etmək üçün heç bir cəhd göstərmir". Aksiyanın sonunda bina sakinləri Məmmədov Sakit Murtuz oğlundan binanın yüzlərlə sakinini aldatmağı dayandırmağı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi, Azərbaycan Qanunvericiliyinə tabe olub mənimsədiyi pulların haqqını qaytarmağı, binanı tam şəkildə vətəndaşlara təhvil verməyi tələb ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !