Yasamal rayonu, Zahid Xəlilov küçəsi 30A, Zahid Xəlilov 36A və 36B, Əhməd Cəmil küçəsi 23, 25, 27 və Şəhriyar küçəsi 5 ünvanın sakinləri həmin ünvanda hündürmərtəbəli yaşayış binasının tikintisinə etiraz bildiriblər. Onlar bununla əlaqədar Yasamal rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə kollektiv şikayət ediblər.
Anews.az "Bizim Yol”a istinadən xəbər verir ki, işə hakim Müseyib Bayramovun icraatında baxıldığı halda, "Elite City” MMC həmin sakinlərin yaşadığı ünvanda söküntü işlərinə başlayıb.
Bu barədə iddiaçılardan Mahmudzadə Yadigar Nadir oğlu məlumat verib. Söküntü işləri zamanı su xəttinə zərər dəyib, ərazini su basıb. Bu da sakinlərin narazılığına səbəb olub.
Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin 21.06.2017-ci il tarixli sərəncamında bildirilir ki, Zahid Xəlilov küçəsi 30, 32, 34 ünvanlarında yerləşən yaşayış binaları qəzalı vəziyyətdədir və sökülməsi nəzərdə tutulan bu binaların yerində "Elite City” MMC-yə yeni yaşayış binasının tikintisinə icazə verilir. İddiaçılar Yasamal rayonu, Zahid Xəlilov küçəsi 30A, Zahid Xəlilov 36A və 36B, Əhməd Cəmil küçəsi 23, 25, 27 və Şəhriyar küçəsi 5 ünvanının sakinləridir. Sakinlər iddiada qeyd ediblər ki, həyətlərində 14 mərtəbəli yaşayış binasının tikintisi tikinti və şəhərsalma qanunvericiliyinə ziddir: "Bu baxımdan, hesab edirik ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısının 21.06.2017-ci il tarixli, 191 saylı sərəncamı Şəhərsalma və Tikinti Məcəlləsinin, dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin, Nazirlər Kabinetinin 25.02.2017-ci il tarixli, 86 nömrəli qərarının və digər normativ-hüquqi aktların tələblərini pozmaqla verilib”.
Yadigar Mahmudzadə deyir ki, "Elite City” MMC-nin onların yaşadığı binanın həyətində hündürmərtəbəli yaşayış binası tikməsi onlarda narahatlıq yaradıb: "Üç tərəfdən 9 mərtəbəli, bir tərəfdən 5 mərtəbəli ilə əhatə olunan qapalı həyətimizin sahəsi təxminən 55m x 55m ölçüdədir.
Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirik. Lakin həmin 3 binanın yerində 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisi qanunlara ziddir. Əgər "Elite City” MMC-nin layihəsi icra olunsa, həyətimizdə olan 50-dən artıq çoxillik ağaclar kəsiləcək, yaşıllıqlar məhv ediləcək. Qeyd edək ki, tikinti şirkəti tərəfindən həyətimizdəki yaşıllıqların bir hissəsi məhv edildi, müvafiq qurumlar isə tədbir görmədi”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !