Yazarlar Azərbaycanı niyə tərk edir? - SORĞU

10:43 | 22.11.2013
Yazarlar Azərbaycanı niyə tərk edir? - SORĞU

Yazarlar Azərbaycanı niyə tərk edir? - SORĞU

Bir neçə gündür ki, ədəbi gündəm şair-publisist Murad Köhnəqalanın xaricə mühacir getmə xəbəridir. Dünya və Azərbaycan ədəbiyyatı tarixində mühacirətə gedən yazarlarımız çox olub. Onları hansısa siyasi və sosial səbəblər, cəmiyyətdaxili problemlər bu addımı atmağa təhrik edib. Bəs bu gün həqiqətənmi yazıçılar mühacirət etməyə məcburdur?

Modern.az bu mövzuda yazarlar arasında sorğu keçirib.

Seymur Baycan (yazıçı): “Səhv etmirəmsə, Stefan Sveyq deyib ki, vətəni tərk etmirlər, vətən adamı qovur. Avropa bir sistem qurub. Şərq təfəkkürü ilə Qərbdə yaşamaq mümkündür, Qərb təfəkkürü ilə Şərqdə yaşamaq mümkün deyil. Dünyanın ən böyük cəzalarından, iztirablarından, əzablarından biri də Qərb təfəkkürü ilə Şərqdə yaşamaqdır. Mən üzülürəm. Çünki gedən adamların hamısı savadlı, intellektual adamlardı. Biz bunları itiririk. Bir də bu adamları tapmaq, bərpa etmək çətin olacaq. Avropa bir sistem qurub və bütün dünyanın ən ağıllı adamları gedib oturub orda. Durduqları yerdə savadlı insanlar qazanırlar. Biz o insanları hardan qazanacayıq? Bu təhsil sistemi ilə?..”.

Zahir Əzəmət (publisist, Ann.az saytının baş redaktoru): “Heç kim doğulacağı ölkəni seçmir. Amma hər kəsin yaşayacağı ölkəni seçmək hüququ var. Ona görə də, əgər doğrudan da Murad Köhnəqala mühacirət edibsə, buna normal baxıram. Azərbaycanda bir yazar üçün öz istedadı hesabına normal yaşamaq şərtləri mövcud deyilsə, tez-tez söz azadlığı ilə bağlı problemlərlə üzləşiriksə, deməli alternativ variantlardan yararlanmaq çıxış yollarından biridir. Murada uğur arzulayıram. İstərdim ki, arzuları reallaşsın, harada yaşamasından asılı olmayaraq, xoşbəxt olsun və ən əsası, Azərbaycan yazarı olaraq qalsın”.

Şərif Ağayar (yazıçı): “Muradın mühacirətə getməsi barədə dəqiq məlumatım yoxdur. Biləsiniz ki, mühacirət yarımintihar deməkdir. O adam mühacirət edir ki, yaşaya bilmir. Azərbaycan istedadlı və təmiz adamlar üçün əsl bataqlıqdır. Gedənlərə salam olsun!”.

Alpay Azər (yazıçı): “Düzü, mən Murad Köhnəqalanın hansı səbəbdən Avropaya mühacirət etdiyindən xəbərsizəm. Sadəcə bir şeyi deyə bilərəm. Mən bu mühacirətlərə çox normal yanaşıram. Bu, onların şəxsi işləridir. Normal, elementar ehtiyaclarını ödəmək istəyən yazıçıların mühacirət etmələri normal bir şeydir. Onlar bunu məcburiyyət səbəbindən edirlər.

Səxavət Sahil (Avanqard.net portalının rəhbəri, yazıçı): “Məncə, yazarlarımız mühacirətə getməyə o qədər də məcbur deyil. Murad Köhnəqaladan da kəskin yazanlar bu gün burda yaşayırlar. Mən bunu məcburiyyətlə bağlı olduğuna inanmıram. Bəlkə də burda maddi durum məsələsi ola bilər. Hər halda Murad bəyin öz seçimidir. Murad Köhnəqalaya qarşı hər hansı bir hücum və etiraz haqqında da eşitməmişəm”.

Mirmehdi Ağaoğlu (Kulis.az saytının əməkdaşı, yazıçı): “Avropaya mühacirət edib orda da yazıçı kimi yaşamaq çox ağır məhrumiyyətlərə səbəb ola bilər. Birinci dil baryeri var, tanınmaq problemi var. Buna görə də balaca bir ölkənin yazıçısı üçün mühacirət edib orda yaşamaq çətin olar. Üstəlik nəzərə alsaq onlar yüksək həssasiyyətə malik insanlardırlar, çox tez darıxarlar”. 

Emin Piri (“Gənc Ədiblər Məktəbi”nin koordinatoru): “Hər bir kəsin öz həyatı var və yaşam seçimində azaddır. Murad Köhnəqala da həmçinin. Gəlin etiraf edək ki, bu gün Azərbaycandan mühacirət edənlərin çoxu burada daha azad yaşaya bilənlər idi. Əksinə müəyyən çətinliklə üzləşənlər buradadır. Günel Mövlud, Murad Köhnəqala dini təhlükə adıyla buradan gediblər. Təbii ki, mühacirətin bir çox forması var. Amma ən asan yol iki variantdır. Dini təhlükəyə və homoseksuallığa görə. Siyasi mühacirət bir qədər çətinləşib. Çünki bu baxımdan mühacirət edənlərin sayı həddən artıq çoxdur. Bu da onların mühacirət etməsini çətinləşdirir. Avropa da həmçinin siyasi mühacirət istəyənlərin çoxunu qəbul edə bilmir. Belə müraciətlərin sayı on minlərlədir. Avropa da bu qədəri qəbul etməkdən imtina edir. Və yaxud bu qədər adama inanmır. Burada isə mühacirətin digər variantlarına keçmək daha asan və uğurludur. Yuxarıda qeyd etdiyim kimi, cinsi azlıq, dini təhlükə bunların önündə gəlir. Cinsi azlıqla bağlı müraciət etməyi özlərinə yaraşdırmadığından ikinci variantdan istifadə edirlər. Muradın getməyinə isə xüsusi baxış bucağım yoxdur. Bu onun həyatıdır. Əgər getdiyi yerdə onunçün daha yaxşı olacaqsa buna sevinə bilərəm“.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM