Yeni binaların qaz sayğacı problemi ciddiləşir

09:39 | 21.11.2013
Yeni binaların qaz sayğacı problemi ciddiləşir

Yeni binaların qaz sayğacı problemi ciddiləşir

Hər sayğaca görə abonentdən 550 manat pul yığılır, “Azəriqaz” isə günahı MTK-larda görür.

"Yeni Müsavat"ın məlumatına görə, paytaxtdakı yeni binalarla orada müqavilə əsasında ev alan vətəndaşların qaz problemi dərinləşir. Mənzil-tikinti kooperativləri (MTK) mənzillərə qoyulacaq qaz sayğacları üçün abonentdən pul istəyir və bu pulun “Azəriqaz”a çatacağını bildirir, qurum isə bunu təkzib edir. Lakin vəziyyət düzəlmək əvəzinə, bir qədər də ciddiləşir. 

Hələ bu ilin yayında “Azəriqaz” rəhbəri Əkbər Hacıyev MTK rəhbərlərinin iclasını keçirərək sayğaclaşma barədə göstəriş verib. Bu addımını da dövlət başçısının tapşırığı ilə əsaslandırıb.

Bu proses getdiyi dönəmdə dəfələrlə MTK-lar və “Azəriqaz” tərəfindən problem yaradıldığı bildirilir. İndi də vəziyyət yaxşı deyil. Qışa az qalsa da, MTK-lar pul yığa bilmədikləri binalara qaz verməkdən imtina edirlər. MTK-lar qaz sayğacı üçün hər mənzildən 550 manat pul istəyir. Bildirilir ki, əks halda, binalar qazlaşdırılmayacaq. Məbləğin çoxluğundan narazılıq edən sakinlərə MTK rəhbərləri deyirlər ki, bu pul onlara deyil, məhz “Azəriqaz”a çatacaq, bu qurum tərəfindən verilən tapşırıqdır. 

Binalara verilən sayğaclar isə kodlaşdırılır. Bu səbəbdən “Azəriqaz”a məxsus olmayan sayğaclar quraşdırılsa da, işləməyəcək. Sayğaca görə pul yığılmasını MTK-lar “Azəriqaz” tərəfindən verilən qeyri-rəsmi göstəriş adlandırırlar. MTK rəhbərləri və sakinlər isə deyirlər ki, “Azəriqaz”ın sayğac pulu yığması tam qanunsuzdur və qanunvericiliklə ziddiyyət təşkil edir: “Sayğaclar ”Azəriqaz" tərəfindən pulsuz quraşdırılmalıdır". 

Ekspertlər bildirirlər ki, yeni binaların qaz probleminin xeyli müddətdir həllini tapmaması şübhəli məqamlardan xəbər verir. Bu məsələ hətta “Açıq hökumətin təşkil olunması” proqramına da salınıb. Proqrama əsasən, 2013-2015-ci illər ərzində paytaxtdakı yeni tikililər tam olaraq qazlaşdırılacaq. 

Ekspertlər həmçinin deyirlər ki, binalara işıq, su və qaz sayğaclarının quraşdırılması pulsuzdur və buna görə vətəndaşdan pul tələb edilməsi qanunsuzluqdur. Bu, qanunvericiliyə də ziddir. 

Hazırda paytaxtda yeni tikililərin 40 faizdən çoxunda qazlaşdırma ilə bağlı problem yaşandığı bildirilir. Kommunal şəbəkəyə qoşulma ilə bağlı vətəndaş, abonent tərəfindən ödəmə qanunazidd olsa da, vətəndaş addımbaşı qanunsuzluqla üz-üzə qalır. Bəzi ekspertlər isə problemlərin MTK-larda olduğunu bildirirlər. Yəni binaların qazlaşdırılması üçün tələb olunan vəsait tam olaraq MTK-lar tərəfindən verilməlidir. MTK hüquqi şəxs olduğundan, sayğacın pulunu ödəməlidir. 

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, problemlərin yaranmasında “Azəriqaz”ın heç bir günahı yoxdur: “MTK sahibləri binanı tam hazır vəziyyətdə satmalıdır. Ancaq onlar binanı yarımçıq vəziyyətdə, müqavilə ilə satırlar, ”kupça" vermirlər. Sayğac quraşdırmaq da MTK-nın vəzifəsidir. MTK-lar hüquqi şəxs olaraq “Azəriqaz”la müqavilə bağlayır. “Azəriqaz” binaya qazın verilməsində iştirak edir. Binanın bütün sənədləri qaydasındadırsa, müvafiq qurumların rəyi varsa, MTK “Azəriqaz”a həmin sənədlərlə müraciət edir və biz binaya qaz verilməsini təmin edirik. Sayğaclaşma prosesi MTK-lar tərəfindən təmin olunur. Bunlar MTK-ların gətirdiyi bəhanədir. Sayğaclar MTK-lar tərəfindən quraşdırılır, yəni quraşdırma prosesində də biz iştirak etmirik. Binanın xarici, daxili qaz kəmərləri qaydasındadırsa, tikinti pasportu varsa, istismara qəbul aktı və sair lazım olan sənədlər varsa, qazın verilməsini təmin etmək bizim işimizdir. Ancaq həmin kəmərlər, sayğaclar, qaz boruları MTK tərəfindən hazır vəziyyətə gətirilməlidir, qaz xətlərinin çəkilməsi, quraşdırılması bizim işimiz deyil".

Ekspertlər isə bildirirlər ki, MTK rəhbərləri bu qədər pulu təkbaşına yığa bilməzlər. Elə MTK rəhbərləri  də deyirlər ki, yığılan məbləğ “Azəriqaz” və ARDNŞ tərəfindən onlardan tələb edilir. Üstəlik, bir müddət əvvəl binalara quraşdırmaq üçün sayğac tapılmırdı və paytaxtda sayğac qıtlığı yaranmışdı. MTK rəhbərlərinin iddiasına görə, ARDNŞ və “Azəriqaz” rəhbərləri fürsətdən istifadə edib rüşvət yığır. 

Qeyd edək ki, 2012-ci ildə 60 yeni tikilmiş bina “Azəriqaz” tərəfindən qazlaşdırılıb. Bu ilin birinci rübündə 25 bina, ilin əvvəlindən mayın sonuna kimi isə ümumilikdə 50-yə yaxın binaya qaz verilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti