Heç bir iş görməyənlər işdən çıxarılacaq
"AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmi kadr potensialı demək olar ki, tükənib. Elmi və texniki işçilərin sayında disporsiya mövcuddur. Misal olaraq, 150 əməkdaşdan təqribən 15 nəfəri qaravolçu, 10-u xadimədir. Elmi işçi bilməlidir ki, əgər onun fəaliyyətində bir il ərzində aktivlik müşahidə olunmazsa, növbəti ilə o daha az maaşlı vəzifəyə keçiriləcək". Bunu "Report"a açıqlamasında AMEA Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktor vəzifəsini icra edən Namiq Cəlilov deyib.
O qeyd edib ki, iyulun 14-də Rəsədxananın Elmi Şurasının iclası keçirilib: "Gündəlikdə Rəsədxananın elmi şurasının tərkibində dəyişiklik, Rəsədxananın inkişaf planlarının müzakirəsi, şöbələrin tərkiblərinin dəqiqləşdirilməsi məsələsi müzakirə olunub. 60 ildən çox bir vaxtda mövcud olan müşahidə bazasının, yəni Rəsədxana hələ də tam hüquqlu İnstituta çevrilməməsi, Bakı şəhər bazasının statusunun rəsmiləşdirilməməsi, hüquqlarımız və vəzifələrimizin Nizamnamə kimi rəsmiləşdirilməməsi Rəsədxanadan illər boyu həmişə çox dəyərli kadrların və mütəxəssislərin itkisinə səbəb olub. Nəticədə hazırda elmi mühitin demək olar ki, yoxa çıxmasının şahidiyik".
N.Cəlilov həmçinin qeyd edib ki, uzun müddətdir şöbələrdə fəaliyyət göstərən, lakin heç bir iş görməyən şəxslər işdən çıxarılacaq: "Hər şöbədən 3-4 nəfər başqa işə keçiriləcək. Yaxud, heç işə gəlməyənlər işdən kənarlaşdırılacaq. Hələlik şöbə müdirləri ərizə ilə müraciət etməlidirlər ki, bəzi işçilər profilə uyğun çalışmırlar. Bundan sonra yenidən müzakirələr aparılacaq. Təkliflər müzakirə olunduqdan sonra qəbul olunacaq qərar AMEA Rəyasət Heyətinin sentyabr ayında keçiriləcək iclasında müzakirəyə çıxarılacaq".
Bu günə kimi elmi şuraların həmişə qapalı aparıldığını, eləcə də qəbul olunan qərarların heç vaxt kollektivə bəyan edilmədiyini qeyd edən direktor bildirib ki, Rəsədxananın bir institut kimi nə Nizamnaməsi, nə qeydiyyat şəhadətnaməsi, nə də statistik qeydiyyat-uçot vəsiqəsi mövcud deyil: "Kollektivin ümumi yığıncağı heç vaxt keçirilməyib. Hətta rəsədxananın yenidən qurulması planı kimi mühüm bir addım heç kimlə müzakirə edilməyib".
Yaxın gələcək və perspektiv planlar haqqında məlumat verən Namiq Cəlilov deyib ki, AMEA-da astrofizika və kosmik fizika ixtisasları üzrə magistr yerlərinin ayrılması, 3-4 il ərzində müəssisədə işçilərin sayının tədricən 150 nəfərdən 60 nəfərə azaldılmasına nail olmaq və şöbələrin hər birinə maksimum 4-5 daimi ştat yeri ayrılması nəzərdə tutulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !