Yeni icra başçısı sakinlərin xahişini yerinə yetirdi

22:54 | 15.06.2018
Yeni icra başçısı sakinlərin xahişini yerinə yetirdi

Yeni icra başçısı sakinlərin xahişini yerinə yetirdi


İşbazların zəbt etdiyi ərazilər əhalinin ümumi istifadəsinə qaytarıldı

Bakının Binəqədi rayonu ərazisində, 9-cu mikrorayonda əhalinin ümumi istifadəsində olan iki torpaq sahəsinin zəbt edilməsi və hasarlanması cəhdlərinin qarşısı alınıb.

Buna sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətinin yeni rəhbəri Elxan Allahverdiyevə müraciəti nəticəsində nail olunub.

Demə, həmin torpaq sahələrindən biri - Adil Məmmədov küçəsi, 83 saylı yaşayış binasının arxasında 40-dək ağacın və avtobus dayanacağının yerləşdiyi ərazi hələ 4 il öncə özəlləşdirilib. Bu ərazidən piyada yolu keçir və sakinlər hər gün bu yoldan istifadə edir.

Torpaq sahibinin burada nə tikmək istədiyi məlum deyil. Amma ərazini hasarlamaq niyyətində olub. Onun ilk cəhdinin qarşısı alınsa da, sonra əraziyə bir maşın daş boşalda bilib. Lakin sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətinə müraciətindən sonra ərazi iyunun 12-də daşlardan təmizlənib.

Məlum olub ki, qeyd edilən torpaq sahəsində tikinti işinin aparılması barədə nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Binəqədi Rayon İcra Hakimiyyətinin icazəsi var.

Bununla belə, sakinlər anlaşılmaz vəziyyətlə üzləşib. Onlar ərazinin 4 il öncə özəlləşdirilməsindən indi xəbər tutublar. Bu xəbər şok effekti yaradıb. Təssəvvür edin: hər gün gedib-gəldiyiniz piyada yolu... bir səhər eşidirsiniz ki, özəlləşdirilib.

İndi məlum olur ki, bu torpaq sahəsi hələ 2007-ci ildə Binəqədi bələdiyyəsinin 30 dekabr tarixli qərarı ilə sakinlərin tanımadığı bir şəxsə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün ayrılıb. Lakin indiyədək ərazidə heç bir sahibkarlıq fəaliyyəti göstərilməyib. İndi isə torpaq sahəsinin digər şəxsə satıldığı və 2014-cü ildə həmin şəxsin adına özəlləşdirildiyi məlum olub.

Sakinlər hesab edirlər ki, Binəqədi bələdiyyəsi qanunları kobud şəkildə pozub və müvafiq qanunvericiliyə görə, ümumi istifadədə olan bələdiyyə torpaqlarının nəinki özəlləşdirilməsinə, hətta icarəyə verilməsinə yol verilmir.

Ərazidə bir başqa ünvanda - Adil Məmmədov küçəsi, 85 saylı binanın arxasında da aylar öncə hasarlanan torpaq sahəsi işbazların zəbtindən azad edilib. Bu ərazinin kimlər tərəfindən hasarlanması da məlum deyil. Yaşayış binasına çox yaxın məsafədə hasarlanan torpaq sahəsində, demə, heç bir tikinti-quraşdırma işinə rəsmi icazə olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM