Yeni köşklərə qəzet daşıyan firma işə düşdü

11:40 | 30.11.2013
Yeni köşklərə qəzet daşıyan firma işə düşdü

Yeni köşklərə qəzet daşıyan firma işə düşdü

Naib Əlizadə: “Biz münasib şərtlərlə qəzetləri köşklərə çatdırırıq”

Ölkədə yeni mətbuat yayımı firması yaradılır. Artıq bununla bağlı işlər tamamlanmaq üzrədir. Yeni köşklər - “Kiosk-press”lər isə artıq müxalifət mətbuatını vitrinə düzməyə və satmağa başlayıb.

Noyabrın 29-da redaksiyalara “Kiosk-press”lər tərəfindən elan da daxil olub. Elanda bildirilir: “Bakı şəhərində yerləşən ”Kiosk-press" köşklərinin eləcə də digər satış nöqtələrində qəzet, jurnal və başqa dövrü nəşrlərin yayılmasını təmin etmək istəyən redaksiyaların nəzərinə: "Artıq 2014-cü il üçün nəşrlərin satış nöqtələrinə çatdırılmasına dair şərtlər işlənib, müqavilələrin bağlanmasına başlanıb. Bu il üçün ekspedisiya xərcləri cari ilə nisbətən daha da konkretləşdirilib və bəzi bəndlər üzrə 40 faizə kimi endirilib. Sənədlər və təkliflər dekabr ayının 15-nə kimi qəbul olunur".

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov isə bildirir ki, sözügedən elan vəziyyətin düzələcəyinə işarədir: “Bu gün belə xəbər almışıq və bundan çox məmnun olmuşuq. Ümid edirik ki, yeni köşklərdə nəhayət ki, ”Yeni Müsavat" qəzetinin və digər tənqidi medianın satışına normal şərait yaradılacaq. Biz dərhal müqavilələri bağlayacağıq. Dekabrın 1-dən etibarən qəzet satışı təşkili daha yaxşı olacaq. Güman edirəm ki, ilkin olaraq  heç olmasa “Qasid” köşklərində itirdiyimiz tirajı yeni köşklərdə bərpa edə biləcəyik. Amma bununla yanaşı, ümidimiz hələ də qalır və onun uğrunda da səylərimizi göstərəcəyik ki, metroda da satışın bərpasına nail olaq. Nəzərə alsaq ki, qarşıdan soyuq qış ayları gəlir, metro da qəzet satışı üçün çox strateji bir yerdir. Çünki əhali soyuqda köşklərdən daha çox yağmursuz, isti şəraitdə olan metro keçidlərindəki qəzet satışı nöqtələrindən qəzeti daha çox alır. Ümidimizi itirmirik və metroda yayımın bərpası üçün səylərimizi davam etdirəcəyik".

Onun sözlərinə görə, artıq görünən odur ki, yeni köşklərdə müxalifət qəzetlərinə olan qadağa aradan götürülüb: “Hiss olunur ki, tapşırıq var, istənilən, tələb olunan sayda qəzet götürüb satmaqda maraqlıdırlar. Köşklərlə ilkin danışığımız olub, müqavilə bağlanması mərhələsindəyik. Ayın 1-dən oxucular yəqin ki, yeni köşklərdə yetərli sayda qəzet görəcəklər. Firmanın rəhbərliyi ilə ilkin danışığımızda etiraf etdi ki, yeni köşklərdə qəzet və digər məmulatların düzülüşünün vahid forması var. Qəzetlər və digər məhsulların satışı harada ola bilər, bu, vahid forma şəklindədir. Ancaq biz müşahidə edirik, hətta prezidnet də görüşdə qeyd etdi ki, köşklərdə vahid formanı çox kobud şəkildə pozurlar. Bu tənqidlə firma rəhbəri də razılaşır və vəziyyətin düzələcəyinə ümid edirik”.

Redaksiyalara elan göndərən isə “Əks-səda” MMC-dir. Redaksiyanın icraçı direktoru Naib Əlizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onlar ekspedisiya, daşınma xidməti ilə məşğuldurlar və münasib şərtlərlə qəzetləri köşklərə çatdıracaqlar: “Bu gün qəzetlərin sürətli şəkildə köşklərə çatdırılması ilə məşğuluq. Bu iş bizə tapşırılıb. İş gedir, müqavilələr bağlanır, biz vaxtaşırı redaksiyalarla hesablaşacağıq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM