Bina ilə tanışlıqdan sonra yeni əsgər yataqxanasının da açılışı olub
Naxçıvan şəhərindəki hərbi hissədə yeni qərargah binası və əsgər yataqxanası istifadəyə verilib.
ANS PRESS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatı və şəxsi heyətin xidməti şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən hərbi hissə üçün yeni qərargah binası və əsgər yataqxanası inşa edilib.
Mayın 15-də qərargah binasının və əsgər yataqxanasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar qərargah binasının açılışını bildirən lenti kəsiblər.
Məlumat verilib ki, yeni qərargah binası 4 mərtəbədən ibarətdir. Binada müasir xidmət otaqları, taktiki təlim sinfi və istirahət guşəsi vardır. Yeni qərargah binası müasir idarəetmə prinsiplərinə uyğun qurulub. Burada zabitlərin xidmət şəraitinin yüksəldilməsi üçün bütün imkanlar mövcuddur. Xidmət otaqları bütün lazımi avadanlıqlarla təmin edilib, kompyuterlər quraşdırılıb. Taktiki təlim sinfində proyektor və digər müasir təlim avadanlıqları qoyulub.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusu haqqında söylədiyi fikirlərdən və ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin əks olunduğu fotoşəkillərdən ibarət guşələr yaradılıb.
Bina ilə tanışlıqdan sonra yeni əsgər yataqxanasının da açılışı olub.
Bildirilib ki, 3 mərtəbədən ibarət olan əsgər yataqxanası 900 yerlikdir. Burada yataq otaqları, məişət guşələri, istirahət otaqları, ideoloji, silah və zabitlər üçün xidməti otaqlar vardır. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunub. "Xidmət etdiyim diyar" guşəsində muxtar respublikanın tarixi və təbiət abidələrinin, quruculuq ünvanlarının fotoşəkilləri yerləşdirilib.
Yüksək şəraiti olan əsgər yataqxanasının istirahət və təlim otaqları da müasir tələblərə cavab verir. Binada əsgərlərin asudə vaxtının səmərəli təşkili nəzərə alınıb, ideoloji otaqda ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, məlumat stendləri, qəzet və jurnallar qoyulubdur.
Hər iki binanın həyətində də geniş abadlıq işləri aparılıb, mini futbol və voleybol meydançaları istifadəyə verilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !