Yeni qol 3000, yeni baldır 1600 AZN-ə - Protez Mərkəzi - FOTO

14:00 | 13.04.2017
Yeni qol 3000, yeni baldır 1600 AZN-ə - Protez Mərkəzi - FOTO

Yeni qol 3000, yeni baldır 1600 AZN-ə - Protez Mərkəzi - FOTO

Artıq bu, 12-ci protezimdir. Əvvəldə bir az çətinliklər olsa da, vaxt ötdükcə insana doğmalaşır.

ANN.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşı Protez-Ortopedik Bərpa Mərkəzində olub. Odur ki, həyatları saniyələr içində dəyişən insanlara qol-qanad olan protezlərin sıfırdan hazırlanma prosesini təqdim edəcəyik. Əfsuslar olsun ki, cəmiyyətimizdə illərdir həllini tapmayan bir protez xofu var. Və biz bunu istəməyərək də olsa, bəzən hərəkət, bəzən isə sadəcə bir baxışla qarşı tərəfə hiss etdiririk.

Təkcə ötən il ərzində əlilliyi olan 15 mindən çox şəxs sözügedən mərkəzə müraciət edib. Burada mindən çox aşağı və yuxarı ətrafını itirmiş insanın həyatı yenidən öz axarına düşüb, fəaliyyətlərinə qaldıqları yerdən davam edə biliblər.

Protez üçün müraciət edən şəxslər əvvəlcə həkim qəbulunda olur. Müayinələrdən sonra ölçü götürülür və həmin ölçülər əsasında artıq protez hazırlanmağa başlanılır. Mərkəzinin baş mühəndisi Elmira Əsədova hər bir şəxsə fərdi yanaşıldığını bildirib. Son bir ildə əsas diqqət isə aprel döyüşçülərinə edilib. Onlara lazım olan xidmət pulsuz şəkildə göstərilib. Ümumiyyətlə, Mərkəzdə əlil vətəndaşlara protezlər büdcə vəsaiti hesabına hazırlanır.

Mərkəzdə olduğumuz zaman aprel döyüşlərində ağır yaralanan Razi Cavadovun da oraya gətiriləcəyini eşitdik. "Rembo" ləqəbli döyüşçümüz beyninin sağ yarım kürəsindən güllə yarası aldığı üçün bədəninin sol tərəfi işləmir. Odur ki, Razi ilə bağlı digər lazımi tədbirlər görülməklə yanaşı, o, motorlu araba ilə də təmin olunacaq.

Protez hazırlayan həkimlərin çoxunun 20-30 ildən artıq təcrübəsi var. Mərkəzdə hətta protez əlləri ilə də bu vəzifənin öhdəsindən gələnləri görə bildik. 30 il bundan öncə əllərini itirən Nazim həkim protezdə olsa da, yuxarı ətrafların protezinin hazırlanması üzrə əla mütəxəssisdir.

Mərkəzdə həm kosmetik, həm də işlək protezlər hazırlanır. İşlək protezlər vasitəsilə insanlar hər hansı bir işi asanlıqla görə bilərlər. 

Əvvəldə qeyd etdiyimiz kimi hər bir protez fərdi qaydada hazırlandığı üçün qiymətlər də müxtəlif olur.

Ancaq təqribi götürdüyümüz zaman qiymətlər bu cür dəyişir: bud: 1600-3000 AZN, baldır: 900-1600 AZN, qol: 900-3000 AZN.

Ortopedik ayaqqabıların isə yarım cütü 70-130 AZN təşkil edir.

Sadaladığımız məhsullar tam hazır olduqdan sonra üzərinə adlar yazılaraq vitrinlərə yığılır. Odur ki, otaqda çox qəribə ab-hava var. Leylanın ayaqları, Nazimin qolları, Ağanın bud və baldır hissəsi...

Vitrində hərəkətsiz görünən bu protezlər, bir müddət sonra kimilərini yenidən ayağa qaldıracaq, kimilərinə isə qol-qanad olacaq

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM