Günəşdə baş verən alışmalar nəticəsində fevralın 9-da Yerdə kifayət qədər güclü maqnit qasırğası qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, maqnit qasırğası orta gücdə olub və bunu insanlar səhhətlərində hiss ediblər. Onun sözlərinə görə, maqnit qasırğası 5-6 saat çəkib, sonradan nisbətən sakitləşib, indi tamamilə sakitdir: “Maqnit qasırğası fevralın 8-dən 9-na keçən gecə sutkanın başlanğıcından - gecə yarısından başlayıb. Səhərə yaxın artıq bu proses dayanıb. Günəşdə baş verən alışma yerin maqnit sahəsinə zərbə vurur, silkələyir və keçir. Bu proses texniki qəzalara gətirib çıxarmadı. Amma insanlar (ürək çatışmazlığı, təzyiq xəstəlikləri olanlar) bunu hiss ediblər. Sağlam adamlar isə maqnit qasırğasını hiss etməyiblər”. N. Cəlilov qeyd edib ki, bu dəqiqədə günəşdə maqnit ləkələri çoxdur və aktivdir. Bunların da hamısının yerə tərəf yönəldiyini deyən şöbə müdirinin sözlərinə görə, arasıkəsilmədən xırda alışmalar baş versə də, güclü alışma yoxdur: “Ləkələr çoxaldıqca onlar arasında qısaqapanma olur və alışmalar baş verir. Hazırda Günəşdə alışmalar çox olsa da zəifdir. Amma onların geomaqnit effektivliyinin olub-olmaması 3-4 gündən sonra məlum olacaq. Alışmalar zəif olduğu üçün onların maqnit təlatümü yaratmaq ehtimalı azdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !