Dünya iqtisadiyyatında və maliyyə sahəsində başlamış
enişə baxmayaraq, "AccessBank” ilin
birinci rübünü mənfəətlə başa vurub. Bankın rəhbərliyi inanır ki, "AccessBank”
bazarda iqtisadi fəallığın azalması səbəbindən
yaranmış situasiyanın da öhdəsindən uğurla gələcək və biznes modelinin dayanılıqlığını bir daha sübut edəcək. Bu barədə, eləcə
də koronavirus pandemiyasının banka və bütünlüklə maliyyə sisteminə təsiri
haqqında "AccessBank”ın İdarə Heyəti Sədrinin Birinci Müavini Yevqeniya
Qaşikulina ətraflı danışıb.
Xanım Qaşikulina, birinci rübün nəticələrini necə qiymətləndirirsiniz? Bu nəticələr bank
rəhbərliyini qane edirmi?
Ümumi təsəvvür yaratmaq üçün əvvəlcə ötən ilin nəticələrini
qeyd etmək istərdim. 2019-cu il bank üçün son dərəcə fəal il olub. Aparılmış
kapitallaşdırma nəticəsində banka yeni xarici səhmdarlar cəlb olunub. Bankın səhmdarları
hər zaman xarici şirkətlər olub. Bu dəfə səhmdarlar sırasına Beynəlxalq Maliyyə
Korporasiyasından başqa, həm də Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı kimi
nəhənglər də qoşulub. Bundan əlavə, "AccessBank” öz əmanət bazasını da fəal şəkildə
artırıb. Ümumilikdə bank sahəsi üzrə əmanətlərin artımının çox az olduğu bir
vaxtda, bizim bankımızın əmanət bazası 160 milyon manatdan çox artıb və biz bu
göstəriciyə görə bazarda lider mövqelərdən birini tutmuşuq.
Bütün bunları nəzərə alaraq biz 2020-ci ilə çox nikbin baxırıq. Biz bu ilə planlaşdırdığımızdan daha fəal başladıq. Birinci rübdə 2,5 milyon manat həcmində mənfəət əldə etdik - bu, plan göstəricilərini üstələyirdi. Biz biznes nöqteyi-nəzərindən bunun qeyri-mövsümi aylar olduğunu bilirdik və kreditləşmənin fəallığının müəyyən dərəcədə azalacağını gözləyirdik. Amma biz rübü mənfəətlə başa vura bildik. İlin ilk iki ayında mikrokredit portfelinin artımı 14 milyon manat təşkil etdi. Mart ayının əvvəlində bütün planları artıqlaması ilə yerinə yetirəcəyimizdən əmin idik. Amma koronavirus pandemiyası öz işini gördü. Birinci rübün ilk iki ayı kreditləşmə nöqteyi-nəzərindən fəal idi, amma mart ayının ortalarından etibarən kreditləşmə zəifləməyə başladı. Buna görə də biz, əlbəttə ki, planlaşdırdığımız kredit portfeli həcminə nail ola bilmədik. Amma bununla belə, rüb üzrə ümumi artım qənaətbəxşdir.
Bəs əmanət
portfeli ilə vəziyyət necədir?
Qeyd etmək lazımdır ki, yaranmış vəziyyət banka narahatlıq gətirmədi, çünki biz bu vəziyyətlə üzləşərkən likvidliyimiz kifayət qədər yüksək idi. Konvertasiya həcmində məhdudiyyət isə bankın valyuta mövqeyi ilə təyin edilir.
"AccessBank” kiçik
bizneslərin kreditləşdirilməsi və mikrokreditlərin verilməsi sahəsində hər
zaman daha fəal olub. Bəs kredit portfelinin strukturu ilə bağlı vəziyyət necədir?
Hazırki vəziyyət portfelin keyfiyyətinə necə təsir göstərib?
Ümumilikdə, düşünürük ki, mikrokredit portfelimizin
təxminən 20%-ni restrukturizasiya edəcəyik. Kiçik və orta biznes portfelində isə
bu göstərici daha yüksək – təxminən 50% olacaq, çünki burada müştərilərin məbləğləri
əksər hallarda yüksək olur və onlara hazırlaşmaq, biznesə yeni təkan vermək
üçün vaxt lazım olacaq. İstehlak kreditləri üzrə restrukturizasiya payı çox
azdır və bunu ölkədə fəal ixtisarların olmaması ilə izah etmək olar.
Biz restrukturizasiyada fəalıq və bu məsələdə
özümüz üçün çətinlik görmürük, çünki bu proses likvidliyə heç bir təzyiq göstərmir. Hazırda kreditlər üzrə aylıq geriödəmələr kreditləşməni
üstələyir.
Pandemiya və karantin rejimi səbəbindən bankın həyat və fəaliyyətində nə dəyişilib?
Mən, ilk növbədə, iş rejimindən başlamaq istərdim. Mart ayında Baş Ofis əməkdaşlarının yalnız 30%-i işə çıxırdı, 70%-i isə məsafədən çalışırdı. Filiallarda isə bu əmsal təxminən 50% idi. Biz bütün sosial məsafə tədbirlərinə maksimum riayət edir, əməkdaşlarımızı və müştərilərimizi hər hansı yoluxma imkanından qorumaq üçün bütün mümkün təhlükəsizlik tədbirlərini görürdük. Bütün əməkdaşlarımızı dezinfeksiyaedici maddələrlə, maskalarla, əlcəklərlə və digər vasitələrlə təmin edirik.
Bir çoxları diqqəti mənfi nəticələrə yönəldir. Amma
qeyd etmək lazımdır ki, koronavirus ölkənin bank sahəsində rəqəmli
texnologiyaların inkişafına təkan verib. Çoxdan bəri müzakirə olunan bütün
texnologiyalar eyni zamanda tətbiq olunmağa başladı, çünki müştərilərə məsafədən
xidmət göstərmək zəruridir. Epidemiyadan əvvəl kreditlərin
restrukturizasiyasını onlayn rejimdə icra edəcəyimizi düşünmürdük. 65 yaşdan
yuxarı şəxslər üçün təhlükə yarandıqda isə anladıq ki, onların evdən çıxmadan
xidmətlərimizdən yararlanması üçün əlimizdən gələni etməliyik. Qanunvericilik
nöqteyi-nəzərindən məsafədən təqdim edə bilmədiyimiz xidmətləri kuryerlərin köməyi
ilə icra edirdik.
Hazırda bank sahəsinin
qarşısında duran hansı problemləri və tələbləri qeyd edə bilərsiniz və bunların
öhdəsindən gəlmək üçün nə etmək lazımdır?
Azərbaycanın bank sektorunda hələ ötən ildən bəri
biznes kreditləşməsinin çatışmazlığı problemi qalıb. Bəzi banklarda bu, onların
strategiyası ilə, bəzilərində isə bankın öz üzərinə götürməyə hazır olduğu
risklərin həcmi ilə bağlı idi. Elə bizdə də vəziyyət belə idi – ötən il daha
çox kredit vermək istəyirdik, amma bu sayda kreditləşdirə biləcəyimiz biznes
görmürdük. Hazırda bu problem iqtisadi fəallığın azalması səbəbindən arta bilər.
Amma hökumətin atdığı addımlar bu çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Kreditlərin
subsidiyalaşdırılması və qismən zəmanət verilməsi üzrə hökumət dəstəyi
proqramı, qarşıya qoyulmuş vəzifələrin bir hissəsinin öhdəsindən gəlir, çünki bu,
mahiyyət etibarı ilə risklərin bölüşdürülməsidir. İstərdik ki, bu proqamdan
bütün qeyri-neft sektoru, həmçinin ticarət və xidmət sektoru da yararlana
bilsin.
Nəzərdən keçiriləsi digər məqam Əmanətlərin
Sığortalanması Fondu (ADIF) tərəfindən əmanətlərin zəmanətə alınmasıdır. Bu gözəl
alət, bir tərəfdən, bank sektoruna sabitlik gətirir, digər tərəfdən isə,
düşünürəm ki, banklar arasında düzgün seçim etməkdə müştərilərə müəyyən dərəcədə
mane olur. İnsanlar yalnız faiz dərəcələrinə diqqət yetirirlər. Əvvəllər bankın
seçilməsi zamanı müəyyənləşdirici rol oynayan digər parametrlər – bankın
effektiv iş modeli, səhmdarların strukturu, rahat xidmət və s. müştəri üçün
böyük rol oynamır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !