Hər il dünyada baş verən yol qəzalarında 1,3 milyon insan həlak olur, 50 milyon nəfər isə xəsarət alır. Ayrı-ayrı ölkələrdə avtoqəza qurbanlarının sayını azaltmaq üçün təhlükəsizlik tədbirləri, o cümlədən yol-hərəkət qaydalarını pozmağa görə müxtəlif cəzalar tətbiq edilir. Bu cəzalar tətbiq olunduğu ölkədən asılı olaraq müxtəlif ağırlıqda olur.
ANN.Az Modern.az-a istinadən bildirir ki, dünya ölkələrində yol-hərəkət qaydalarını pozmağa görə tətbiq edilən cəzalardan bəhs edir.
ABŞ
Amerika Birləşmiş Ştatlarında il ərzində avtoqəzalar 30 mindən artıq insanın həyatına son qoyur. Digər tərəfdən ölkə iqtisadiyyatı il ərzində yol-nəqliyyat qəzaları səbəbilə 871 milyard dollar pul itirir. Amerika yollarında ölüm sayı dünya öləkələri ilə müqayisədə yüksək deyil və son illərdə azalmağa doğru gedir. Bunun bir səbəbi də yol qaydalarının pozulmasına görə sərt cəzaların tətbiq edilməsidir.
Belə ki, Amerikada sürücününü qanında icazə verilən alkoqol miqdarı 0,8 promilleni keçməməlidir. Əgər sürücünün qanında bundan çox alkoqol aşkar olunarsa, o, avtomatik olaraq sərxoş halda nəqliyyat vasitəsini idarə edən şəxs sayılır. Əgər sürücü ilk dəfə sükan arxasında alkolqol normasını pozubsa, bu zaman o, 6 aya qədər azadlıqdan məhrum edilmə, yaxud 390-la 1000 dollar arasında dəyişən cərimə miqdarını (məhkəmə xərcləri bura daxil deyil) ödəməli olacaq. Amerikalı sürücü bununla yanaşı, sürücülük vəsiqəsinin və maşının müsadirə olunması ilə də üzləşə bilər. O, hətta müsadirə olunmuş maşının dövlət dayanacağında saxlanması üçün əlavə pul ödəməli olacaq. Bundan başqa, hərəkət sürətini 60 km/saat-dan çox keçən sürücülər 500-dollardan başlayan cərimələr ödəməlidir. ABŞ-da parketmə qaydasını pozan sürücülər 35, təhlükəsizlik kəmərindən istifadə etməyən, yaxud svetaforun qadağan olunmuş işığında keçən sürücülər isə 50 dollar cərimələnirlər.
Ümumiyyətlə, ABŞ-da yol polisinin saxladığı sürücü onun bütün göstərşilərini yerinə yetirməlidir. Sürücü mütləq şəkildə əllərini rol üzərinə qoymalıdır. Polisin icazəsi olmadan maşından çıxmaq, yaxud kəskin hərəkətlər etmək qəti qadağandır. Vəzifə başında olan yol-asayiş keşikçisindən qaçmağa, yaxud gizlənməyə çalışan sürücülər dairə və ya ştat həbsxanasında 1 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilərlər.
Tez-tez cinayətkarlarla atışmalar baş verdiyi üçün həmişə silahlı olan amerikalı yol polisləri həyatları üçün təhlükə yarandığı halda, qanunla silahdan istifadə edə bilərlər.
Yaxınlarda ABŞ Ali Məhkəməsi Virciniya ştatında yol hərəkəti ilə bağlı qanuna edilən dəyişikliyi təsdiq etdi. Yeniliyə əsasən, virciniyalı polislər içkili sürücünü saxlamaq hüququndan məhrum olunublar. Qalmaqallı qanuna görə, onlar yalnız sürücünü müşayiət edə və yalnız sürücü yol hərəkət qaydalarını pozduğu zaman onu saxlaya bilərlər
Fransa
Yol hərəkət qaydalarının pozulmasına görə öz sərtliyi ilə seçilən Fransada da qanun pozuntuları çox sərt şəkildə cəzalandırılır. Sürət həddini 60 km/saat-dan çox aşan sürücülər 1500 avro cərimə ödəməli olurlar. Sərxoş halda maşın idarə edən sürücülər (0,5-0,8 promille arasında içki qəbul edən) 135 avro, 0,8 promilledən artıq alkoqol qəbul edən sürücü isə 4500 avro cərimə və 3 il müddətinə sürücülük hüququndan məhrum olunma ilə cəzalandırılır. Parketmə qaydalarını pozan sürücülər 10 avrodan başlayaraq, təhlükəsizlik kəmərindən istifadə etməyənlər 135 avrodan və svetaforun qadağan olunmuş işığında keçənlər isə 90 avrodan başlayan cərimələr ödəyirlər.
Yaponiya
“Gündoğar” ölkədə yol pozuntularına görə dünyada ən yüksək cərimələr tətbiq olunur. 60 km/saat-dan sürətlə hərəkət edən yaponiyalı sürücülər yol polisləri tərəfindən 800 dollar cərimə olunurlar. İçkili halda (0,5 promilledən çox) sükan arxasnda oturan sürücülər üçünsə cərimələr 8700 dollardan başlayır. Yaponiya tarixində ən böyük yol cəriməsini içkili halda maşın idarə edərək ehtiyatsızlıqdan piyadanın ölümünə səbəb olan sürücü ödəmişdi. 2001-ci ildə baş verən həmin hadisəyə görə sürücü 2,5 milyon dollar cərimə ödəməli olmuşdu. Ümumiyyətlə, içkili halda insan ölümünə səbəb olan qəza törədən sürücü qanunla 3 aydan 15 aya qədər azadlıqdan məhrmu olunur. İçkili sürücünün maşınında əyləşən sərnişin də buna görə 3 min dollar cərimə ödəməlidir. Yaponiyada parketmə qaydalarının pozulmasına görə cərimə 835, təhlükəsizlik kəmərindən istifadə etməməyə görə 450, svetaforun qadağan olunmuş işığında keçməyə görə isə 417 dollar təşkil edir. Bu cərimələri ödəyə bilməyən sürücü 6 aya qədər ictimai əsaslı əmək işlərinə cəlb olunur.
Çin
Çin son illərdə yol hərəkəti ilə bağlı qaydalarda sərtləşdirməyə üstünlük verir. Sürət həddini aşan sürücülər burada 318 dollar (2000 yuan) cərimə ödəməlidirlər. İçkili halda nəqliyyat vasitəsini idarə edən çinli sürücüləri isə (0,5 promilledən artıq) 77-307 (500-2000 yuan) dollar arasında cərimə, 15 sutka həbs və sürücülük vəsiqəsindən 3-6 ay arasında məhrum olunma gözləyir. 2010-cu ildən bəri içkili halda nəqliyyat vasitəsindən idarə edərək insan ölümünə səbəb olan sürücülərə qarşı maksimal cəza olaraq ölüm hökmününü verilməsi nəzərdə tutulub. Digər inzibati pozuntular – səhv parketmə, təhlükəsizlik kəmərindən istifadə etməmə və svetaforun qadağan olunmuş işığında hərəkət etdiyinə görə çinli sürücülər 16-30 dollar arasında cərimə olunurlar. Küçə yarışlarında iştirak edən nəqliyyat vasitəsi sürücüləri də yeni qanunla 7 ildən ölüm hökmünə qədər cəza ala bilərlər.
Digər ölkələr
Dünyada yol hərəkəti qaydalarını pozulmasna görə müxtəlif məbləğlərdə cərimələr nəzərə tutulsa da, bəzi ölkələrdə spesifik pozuntuilarla əlaqədar böyük məbləğdə cərimələr mövcuddur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində dəvənin vurulması ilə nəticələnən qəzalara görə sürücləri 30 min dollardan bir neçə yüz min dollaradək dəyişən böyük cərimə gözləyir.
Avstraliya qanunlarına görə isə ən ağır yol-nəqliyyat pozuntusu sürət limitinin keçilməsidir. Buna görə sürücü bir neçə min dollar cərimə və 3 ilə kimi sürücülük vəsiqəsindən məhrum edilə bilər. Eyni pozuntu 2-ci dəfə təkrar olunarsa, sürücü 5500 dollar cərimə, 6 ayadək həbs, yaxud 5 il müddətinə sürücülük vəsiqəsindən məhrum olunma ilə cəzalandırıla bilər.
Sinqapur və Malaziyada sükan arxasında telefonla danışmaq ciddi pozuntu sayılır. Buna görə sürücü 280 dollar ödəməklə yanaşı, 3 ilə qədər azadlıqdan məhrum oluna bilər.
Bolqarıstanda isə hətta avtobus sərnişinləri telefonla danışarlarsa, cərimə olunurlar.
İsraildə və Şərqi Avropa ölkələrində qanda cüzi alkoqol aşkar olunarsa, böyük məbləğdə cərimə ilə yanaşı, maşının 1 il müddətinə müsadirə olunması və sürücülük vəsiqəsinin ləğvi nəzərə tutulur.
Salvador, Tailand, İndoneziya və Səudiyyə Ərəbistanında da içkili halda nəqliyyat vasitəsi idarə edən sürücü insan ölümünə səbəb olduqda onu edam cəzası gözləyir.
Skandinaviya ölkələrində (Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya) isə yol cərimlərinin həcmi sürücünün aylıq gəlirləri ilə nisbətdə müəyyən olunur. Buna görə aylıq gəlirləri yüksək olan skandinavlar yüzminlərlə dollar cərimə ödəyə bilərlər.
Rusiyada da yol pozuntusu ilə bağlı müxtəlif cərmilərə nəzərdə tutulub. İçkili halda maşın idarə edən sürücü burada 1,5 il müddətinə sürücülük vəsiqəsindən məhrum edilir. Eyni hal ikinci dəfə təkrarlandıqda bu göstərici 3 ilə qədər artırılır. Pozuntu insan ölümü ilə müşayiət olunduqda isə sürüclər 2 ildən 7 ilə qədər azadlıqdan məhrum olunurlar.
ANN.Az