Yol polisindən əsl şücaət: 3 nəfəri yanacaq quyusundan çıxardı, özü ölümdən döndü - VİDEO

10:09 | 27.06.2019
Yol polisindən əsl şücaət: 3 nəfəri yanacaq quyusundan çıxardı, özü ölümdən döndü - VİDEO

Yol polisindən əsl şücaət: 3 nəfəri yanacaq quyusundan çıxardı, özü ölümdən döndü - VİDEO

Ağcabədi rayon Dövlət Yol Polisi Bölməsinin inspektoru, polis baş serjantı Elman Fəqan oğlu Təhməzov rayon ərazisində xidmət aparan zaman yanacaqdoldurma məntəqəsinin benzin deposunda köməksiz vəziyyətdə qalmış şəxs barədə məlumat alır. Və görün bundan sonra nələr baş verir...
Avtosfer.az bu cəsur yol polisi əməkdaşı ilə həmin hadisə barədə söhbət aparıb.

- Hadisə barədə necə xəbər tutdunuz?

Həmin gün 99 YP 631 dövlət nömrə nişanlı xidməti avtomobil ilə ərazidə xidmət aparırdım. Yanacaqdoldurma məntəqəsinin yaxınlığından keçəndə ərazidə insanların toplaşdığını gördüm. Bu zaman iki nəfər yaxınlaşaraq bizdən kömək istədi. Amma təlaş içində olduqları üçün yalnız əlləri ilə yanacaqdoldurma məntəqəsini göstərərək "kömək edin” deyə qışqırırdılar. Tez həmin yerə yaxınlaşdıq. Məlum oldu ki, yanacaq çənini təmizləmək üçün ora düşən iki nəfərin vəziyyəti kəskin benzin iyinin təsirindən pisləşib və köməksiz vəziyyətdə orda qalıblar.

- Həmin an nə etdiniz?

- Məndən əvvəl bir polis əməkdaşı anbara girdi. Ona dedim ki, sən onları şlanka bağla, mən dartıb çıxardacam. Amma həmin polisin vəziyyəti də pisləşdiyi üçün tez bayıra çıxdı. Bundan sonra quyuya düşdüm. Orda 40 saniyədən artıq qalmaq mümkün deyildi. Ona görə də tez şlankla birinci adamı bağladım və yuxarı qaldırdım. Vətəndaşlar da şlankı dartaraq onu quyudan çıxardılar.

- Dediniz ki, orda qalmaq mümkün deyildi. Siz özünüz xəsarət aldınızmı?

- Birinci adamı çıxardandan sonra hiss etdim ki, bədənim keyləşir. Çənəm tutulur. Bayıra çıxanda artıq huşumu itirdim. Ətrafda olan səslər sanki musiqinin səsi alınan kimi yavaş-yavaş kəsildi. Son olaraq qaranlıqda ancaq öz ürək döyüntülərimi eşitdim. Bir müddət huşsuz qalandan sonra ayıldım.

- Bəs ikinci adam necə xilas edildi?

- Mən ayılanda başqa bir polis əməkdaşı yaxınlaşdı. Ona dedim ki, Nəriman mən birini çıxartdım, ikincini sən çıxart. Çünki o da mənim kimi iri cüssəli idi. Düşündüm ki, ancaq 4 metr dərinlikdən adamı o yuxarı qaldıra bilər. Nəriman içəri girən kimi onun da halı pisləşdi. İstədi ki, ikinci adamı qaldıra, amma bacara bilmədi. Tez ona dedim ki, yuxarı qalxsın. Nəriman yuxarı qalxanda huşunu itirdi. Birtəhər onu da dartıb çıxardım. Baxdım ki, ətrafdakı insanlar özünün itirib və heç kim kömək edə bilmir. Odur ki, yenidən quyuya düşdüm. Ətrafdakılar mane olmaq istədilər ki, bir dəfə düşmüsən, halın pisləşib, qoy FNN gəlsin. Amma düşündüm ki, bu qədər insanın içində köməksiz vəziyyətdə qalan adamın ölməsinə imkan vermək olmaz. İkinci adamı da şlankla bağlayıb yuxarı qaldırdım. Eyni qayda ilə onu da çıxartdım. Elə bu vaxt təcili tibbi yardım maşını gəldi. Həmin iki nəfəri və polis əməkdaşını təcili tibbi yardım maşınına qoyduq. Mənim vəziyyətim də pis idi. Nəfəs ala bilmirdim. Patrul maşınına əyləşdim. Bir anda yenidən vəziyyətim pisləşdi və huşumu itirdim. Daha sonra bizi Ağcabədi rayon xəstəxanasına gətirdilər.

Xəstəxanada olan Azad həkim bizə tibbi yardım göstərdi. Onun sayəsində həyatda qaldıq. Səhərə qədər huşsuz qaldıq. Qaz zəhərlənməsindən beyin koması diaqnozu qoyuldu. Daha sonra Arif Heydərov adına DİN Hospitalına göndərdilər. Orda müalicəmizi aldıq. Hazırda iş başındayıq.
- Ölümün bir addımlığından dönmüsünüz...

Bəli, deyim ki, ölümü bir dəfə daddım. Amma Allaha şükr olsun ki, sağ qaldım. Ora girəndə yalnız bir şeyi düşündüm ki, həmin vətəndaşların həyatını qurtarmalıyıq. Mənim üçün vətəndaşların həyat və sağlamlıqları hər şeydən önəmlidir. Hətta bilsəydim ki, bu, mənə həyatım bahasına başa gələcək yenə bu addımı atardım.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb