ATV-də yayımlanan "Yoxlama" verilişi Bakıda 1 manatlıq dönərlərin satıldığı məkanlara baş çəkib.
ANN.Az baku.ws-ə istinadən xəbər verir ki, sözügedən məkanlardakı natəmizlik və antisanitariya şəraiti kadrlarda açıq-aşkar görünür. Belə ki, məkanların çoxusunda hazırlanan dönərlərin ətlərinin mənşəyi və hansı şəraitdə hazırlandığı da sual doğurur. Bundan başqa aparıcı vurğulayıb ki, toyuq ətindən dönər hazırlanmasına qadağa qoyulsa da, hazırda bu qadağaya əhəmiyyət verilmir və bu cür dönərlərin satışı davam etdirilir.
Yoxlamalar zamanı məlum olub ki, paytaxtda hazırlanan dönərlərin 85 faizi standartlara cavab vermir. Bakıdakı dönərxanaların əksəriyyəti aldıqları ətləri müəyyən edilmiş şirkətlərdən almır. Bundan başqa dönərxanalarda işləyən işçilərin tibbi yoxlanışı aparılmır.
Aparıcı Azər Zahidin sözlərinə görə tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir, lakin hara gətirildiyi açıqlanmır. Ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkələrin də dönərxanalara ət verib-vermədiyi də məlum deyil.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !