BVF: "Afina borcunu ödəyəndən sonra gələcəkdə fonddan yenə maliyyə yardımı istəyə bilər"
Yunanıstanın baş naziri Aleksis Sipras ölkənin kreditorlarına iki ilə hesablanmış kömək üçün yeni proqramın qəbulunu təklif və xahiş edib.
ANS PRESS-in məlumatına görə, bu barədə yunan hökuməti rəsmi açıqlama yayıb.
Bildirilib ki, yeni təklifə əsasən, Yunanıstan maliyyə sabitliyini təmin etmək üçün yardımı Avropa mexanizmlərindən, yəni Avropa İttifaqı ölkələrinin maliyyə proqramını formalaşdıran valyuta ittifaqından alacaq. Belə olan halda ölkənin borcları yenidən strukturlaşdırılmış olacaq. Beynəlxalq Valyuta Fondu Afinanın potensial kreditorlar siyahısında yer almır.
"The Guardian" qəzetinin yazdığı kimi, baş nazir Sipras indi Brüsselə uçmağa hazırlaşır. Eyni zamanda avrozona ölkələrinin maliyyə nazirləri Avropa İttifaqının paytaxtında sammitə toplaşırlar.
Ümumiyyətlə, iyunun 30-da gününün sonuna kimi Yunanıstan 1,6 milyard avro həcmində Beynəlxalq Valyuta Fonduna olan borcunu ödəməyə məcbur edilsə də, bu, baş tutmadı. Ölkənin maliyyə naziri Yannis Varufakis açıqladı ki, bu vəsaiti bu gün ödəmək mümkün olmayacaq. Dövlət fonda pul ödəməyə hazırlaşmır, çünki pul yoxdur. Beynəlxalq Valyuta Fondunun qaydalarına görə, ödəniş müddətini dörd həftəyədək uzatmaq mümkündür.
Beləliklə, iyunun 30-da gecəyarısı Yunanıstanın son 5 ildə bel bağladığı borc proqramının vaxtı bitdi və ölkə Beynəlxalq Valyuta Fonduna borcunu ödəyə bilmədi. Bununla da Yunanıstan fonda borcunu qaytara bilməyən ilk inkişaf etmiş ölkə oldu. Söhbət təxminən 1.6 milyard avroluq ödənişdən gedir. Xatırladaq ki, 2001-ci ildə Zimbabve də belə addım atmışdı.
Avrozonanın maliyyə nazirləri telekonfransda qərar veriblər ki, son tarixədək razılaşma əldə etməyin yolu yoxdur.
Avropa ölkələrinin maliyyə nazirlərinin "Avroqrup" qurumuna rəhbərlik edən Niderlandın maliyyə naziri Jeroen Dijsselbleom deyib ki, proqramın vaxtını uzatmaq dəlilik olardı: "Baş verə bilməyən şey baş verməyəcək. Proqramın vaxtı bu gecə bitdi."
BVF-nin nümayəndəsi Gerry Rice bildirib ki, bu məbləğ fondun tarixində ən böyük qaytarılmayan vəsaitdir. Yunanıstan borcunu ödəyəndən sonra gələcəkdə BVF-dən yenə maliyyə yardımı istəyə bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !