Yunanıstanın xilas planına uyğun olaraq, ölkədə ərzaq məhsulları və xidmətlər üçün əlavə dəyər vergisi (ƏDV) dərəcələrinin 13 faizdən 23 faizədək artırılmasına başlanılıb.
Məlum olduğu kimi, Afinaya üçüncü maliyyə yardımı paketi verilməsinin əsas şərtlərindən biri olaraq qəbul edilmiş müvafiq qanunu Yunanıstan parlamenti iyulun 16-na keçən gecə təcili qaydada təsdiqləyib.
ANS PRESS-in məlumatına görə, bu tədbirin görülməsini beynəlxalq kreditorlar təkid ediblər. Belə ki, ƏDV-nin artırılması qısa müddətdə dövlətin gəlirlərini artırmağın ən sadə və təsirli üsuludur. Məsələn, yeni dərəcə sayəsində xəzinə təkcə çörək-bulka məmulatlarından ildə 54 milyon avro əlavə gəlir qazanacaq.
Ət və balıq, süd məhsulları və şəkər, makaron məmulatları, habelə ictimai-iaşə müəssisələrində yemək və içkilərə görə də vergi dərəcələri artırılacaq. Yunanıstan KİV-ləri xəbər verir ki, artıq bu ilin sonunadək xəzinəyə əlavə olaraq 800 milyon avro daxil olacaq.
İqtisadi islahatlar paketinə uyğun olaraq ƏDV-nin artırılması pərakəndə qiymətlərin artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində həm yerli, həm də turist alıcıların azalmasına səbəb olacaq. Axı taksi, çimərlikdə satılan dondurma, barda təklif olunan kofe və ya şam yeməyi xarici qonaqlar üçün də bahalaşacaq. Oktyabrda isə mehmanxana xidmətləri üçün ƏDV də 6,5 faizdən artıb 13 faizə çatdırılacaq.
Bu gün Yunanıstan parlamenti bankların və məhkəmələrin işinin sürətləndirilməsi haqqında qanun layihəsi üzrə səsvermə keçirəcək. Bu sənəd Afinaya maliyyə köməyinin üçüncü proqramı üzrə beynəlxalq kreditorlarla danışıqlara başlamağa icazə verəcək.
Yunanıstan parlamentində iyulun 22-də vətəndaş prosessual kodeksinə və maliyyə institutlarının Avropa İttifaqının təlimatına uyğunlaşdırılması haqqında qanun layihəsi üzrə səsvermə olacaq. Bu sənəd Afinaya maliyyə köməyinin üçüncü proqramı üzrə beynəlxalq kreditorlarla danışıqlara başlamağa icazə verəcək. Bu, üç ilə hesablanıb və təqribən 86 milyard avro borc vasitələrinin ayrılmasını nəzərdə tutur.
Ölkə parlamenti iyulun 16-da "Avropa subyektləri ilə danışıqların aparılması və saziş bağlanılması üçün təcili ölçülər" haqqında qanunu qəbul edib. Parlament həmçinin iyulun 13-dən Avrozona Sammitinin qərarını təsdiqləyib, ictimai təminat və sığorta sferasında vergi qanunvericiliyinə dəyişikliklər edib. Hər iki sənəd başlanğıc üçün Brüsseldə yeni kredit paketi üzrə danışıqlar üçün ilkin şərt hesab olunur. Yunanıstan hökuməti avqustun 20-dək kreditorlarla razılaşmanı imzalamaq niyyətindədir.
Bir sözlə, Yunanıstanı yeni imtahan gözləyir. Hökumət parlamentdə azlıq təşkil edir. Bugünkü səsvermə baş nazir Aleksis Tsipras hökumətinin möhkəmliyinin yeni yoxlaması olacaq. Parlamentdə iyulun 16-da keçirilən səsvermə zamanı hakim "Siriza" Partiyası faktiki olaraq özünün 39 deputatı dəstəyindən məhrum idi: onlardan 32-si "əleyhinə" səs verib, 6-sı bitərəf qalıb, 1-i isə iclasda iştirak etməyib. Hakim partiya koalisiya qurduğu "Müstəqil Yunanlar" Partiyası ilə birlikdə 300 yerlik birpalatalı parlamentdə 162 yerə sahibdir. Əslində, bu, yalnız adda belədir. Birinci qanun layihəsi üzrə səsvermənin gedişatında bu göstərici 123 mandata qədər azaldı.
Belə olan halda, qanunların qəbulu üçün "Siriza"nın müxalifətin dəstəyinə ehtiyac duyulur. Çünki hökumətə qanunların qəbulu üçün parlamentdə ən azı 150 səs lazımdır. Müxalifət isə ikinci qanun layihəsi üçün səs verməyə o zaman hazırdır ki, kreditorların mübahisəli təkliflərinin müzakirəsi ilə bağlı vaxt uzadılsın. Ölkənin Baş naziri Aleksis Tsipras isə solçu deputatların səsini qazanmaq üçün onları razı salmağa çalışır.
Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın maliyyə vəziyyəti ilə bağlı apardığı araşdırmalar göstərir ki, Afinaya Avropanın vermək istədiyindən daha çox yardım lazımdır. Yunanıstanın maliyyə vəziyyəti əməlli-başlı pisləşib və Avropa ölkələri ona bütün borclarını ödəmək üçün 30 il vaxt verəcək. Yunanıstan borcu ancaq borc yüngülləşdirmə tədbirləri ilə saxlana bilər.
Təbii ki, bu təhlil Almaniyada Yunanıstana daha çox pul verilməsinə dair müzakirələri ciddi şəkildə kəskinləşdirəcək. Bütün cəhdlərə baxmayaraq, hələ də Afinada əhalinin banklar qarşısında növbəsi davam edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !