"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Krımda baş verən siyasi proseslərə münasibət bildirib.
Qol.Az-ın Rusiyanın “Obozrevatel” qəzetinə istinadən verdiyi məlumata görə, rusiyalı mütəxəssis ölkəsinin Ukraynadakı siyasətini dəstəklədiyini bildirib:
"Bilmirəm, Krımda Rusiya ordusu var, ya yox, ancaq orada ruslar yaşayır və onların heç də hamısı Kiyevlə razılaşmır. Rusiya prezidentinin "ruslara hörmət olunmalı və onlar qorunmalıdır" fikirlərini dəstəkləyirəm, o düz edir. ABŞ da digər ölkələrdə olan insanlarını müdafiə edir, qoruyur".
"Rusiyanın həmyerlilərini nədən qoruduğu və onların Krımda nə ilə təhdid olunduğu" sualını isə Syomin belə cavablandırıb: "Mən onların konkret kim tərəfindən təhdid olunduğunu bilmirəm. Ancaq mənim ölkəm Krımda olan əhalini çətin vəziyyətdə qoymamaqla düzgün edir. Ən yaxşı müdafiə üsulu isə ora beynəlxalq müşahidəçilərin göndərilməsidir".
ANN.Az