Britaniyanın humanitar təşkilatı "Halo Trust” Qarabağda 2000-dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4,8 milyon kvadratmetr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 Azərbaycan rayonunu əhatə edib. Bunu millət vəkili Zahir Oruc bildirib.
"Britaniyanın "Halo Trust” təşkilatı 2000-dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4,8 milyon kvadratmetr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib. Lakin iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri on minlərlə erməninin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə suçlayıb. Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar. Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibədəki məğlubiyyətə və "hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdırlar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”, - Zahid Oruc bildirib.
Onun sözlərinə görə, Ermənistanda təkcə sözügedən təşkilat deyil həmçinin UNİCEF-in yerli rəhbəri Marian Hattinqi də Azərbaycanla gizli iş birliyində günahlandırıblar.
"Casus qalmaqalına müharibə vaxtı Britaniyanın Mİ-6 təşkilatını, Almaniya parlament üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın Təhlükəsizlik qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər. Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər, "Halo Trust” mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 nəfər insanımız həyatını itirməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi", - millət vəkili bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !