Yeni nazir keçmiş naziri məyus edən addım atıb - Səfər Əbiyevin cəzalandırdığı zabitin rütbəsini bərpa edib. AzNews.az-ın məlumatına görə, Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılov bir müddət əvvəl keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən cəzalandırılıb və onun rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilib. Həmin vaxt nazirin bu addımı narazılıqla qarşılanmışdı. Çünki X. Cəbrayılov nümunəvi zabitlərdən hesab olunur. Yeni müdafiə naziri Zakir Həsənov isə X. Cəbrayılovun yenidən polkovnik rütbəsinə layiq görülməsilə bağlı əmr imzalayıb. Bu hadisə Z. Həsənovun Şəmkir hərbi birləşməsinə səfərindən sonra baş verib. Yeni nazirin bu addımının zabitlər arasında haqq-ədalətin bərpası kimi qiymətləndirildiyi deyilir.Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib. O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə “İgidliyə görə” medalı ilə də təltif edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !