Zakir Həsənovun gəlişiylə nə dəyişdi? - ŞƏRH

18:16 | 04.04.2014
Zakir Həsənovun gəlişiylə nə dəyişdi? - ŞƏRH

Zakir Həsənovun gəlişiylə nə dəyişdi? - ŞƏRH

Müdafiə naziri Zakir Həsənovun xidməti fəaliyyətə başlamasının birinci ayında (2013-cü ilin oktyabr ayından) azərbaycanlılar əsgərlərin intiharı və qeyri-döyüş şəraitində hərbi qulluqçuların həlak olması haqqında xəbərlərin yoxluğuna sevinirdilər. Keçmiş müdafiə naziri Səfər Əbiyevin adı məhz elə buna görə bizim xalqda böyük antipatiya oyadırdı və bu səbəbdən də gənclər etiraz mitinqlərinə çıxırdı.

 

Amma bir az vaxt ötdükdən sonra, yenidən KİV-lərdə dəhşətli xəbərlər çıxmağa başladı. Ən son xəbərləri xatırladım: 29 martda əsgər Rahid Əsgərov öz xidməti avtomatı ilə özünü yaraladı. Əsgər Səməd Əkbərli aralarında yaranan münaqişə zəminində hərbçi yoldaşı Kənan Məmmədzadəni bıçaqladı.

 

"Doktrina" analitik mərkəzinin məlumatına görə, bu ilin birinci rübündə yalnız Azərbaycan ordusunda (sərhəd, daxili qoşunlar – bu, başqa) 15 hərbi qulluqçu həlak olub və 12 nəfər yaralanaraq bədən xəsarətləri alıb. Həlak olanlardan beş nəfəri ermənilər tərəfindən öldürülmüş, digərləri isə qeyri-döyüş şəraitində həlak olmuşlar.

Amma niyə belə olsun, axı hərbi nazirlikdə artıq Əbiyev yoxdur, Həsənov var! Bəlkə bu qurumda nazirlərin dəyişməsi ilə heç nə dəyişmir və birini digəri ilə əvəzləmək lazım deyil?

 

Bu sualla hərbi ekspertlərə müraciət etdik.

Üzeyir Cəfərov hesab edir ki, bizim ordumuzda hərbi qulluqçuların davamlı həlak olmasının bir neçə səbəbi var.

 

- Təfsilata varmayacam, amma səmimi deyim ki, ən vacib problem – insan amilidir. Düşmənin qoşunlarıyla təmas xəttində bizim əsgərlərimiz səhvlər buraxır, erməni snayperləri də bundan istifadə edir. Hətta bəzi zabitlər və müddətdən artıq xidmət edən hərbi qulluqçular öz vəzifələrinə səhlənkar yanaşırlar. Buna görə də, hətta ən təcrübəli generalı və ya admiralı nazir vəzifəsinə təyin etsək belə, əgər kiçik və böyük komanda heyətinə ən ciddi tələblər irəli sürülməyəcəksə, qeyri-döyüş itkiləri davam edəcək.

 

Təəssüf ki, bu il də intihar hadisələri davam edir. Deməli, komandirlər əvvəlki kimi əsgərlərin ehtiyaclarına, qayğılarına və problemlərinə nizamsız yanaşırlar.

 

Keçmiş müdafiə naziri Səfər Əbiyevin yerinə Zakir Həsənovun vəzifəyə təyin edilməsi, vəziyyətdən çıxış yolu deyil. Qanunverici bazanı təkmilləşdirmək və bütün dərəcə komandirlərin məsuliyyətini artırmaq lazımdır, - Cəfərov dedi.

Hərbi ekspert Yaşar Cəfərli:

Zənnimcə, iki nazir arasında müqayisə aparmaq üçün heç olmasa Zakir Həsənovun bir vəzifədə işləməsini gözləmək lazımdır. İtkiləri müqayisə etmək üçün isə 2014-cü ilin başa çatmasını və ilin yekunlarını əvvəlki illərlə müqayisə etmək lazımdır. Müqayisə edərkən isə təkcə itkilərin sayına deyil, həm də başqa amillərə diqqət yetirmək lazımdır. Məsələn: döyüş və qeyri-döyüş itkilərinin müqayisəli sayı; İtkilərin baş verdiyi zaman münaqişədə olan tərəflər arasındakı münasibətin vəziyyəti; Regionda və dünyada münaqişənin həllinə təsir edən proseslər və s. Yəni biz hər hansı bir naziri itkilərin sayının çox olmasına görə deyil, bu itkilərin nə dərəcədə əsaslandırılmış olmasına diqqət yetirməliyik. Əgər bu itkilər nəticəsində biz hər hansı bir müsbət nəticələr əldə edə biliriksə, deməli bu itkilər özünü doğruldur və ya əksinə. Amma istənilən halda Səfər Əbiyev öz dövründəki itkilərə, Zakir Həsənov isə öz dövründəki itkilərə görə məsuliyyət daşıyır. Bu məsələdə müqayisə aparmağın tərəfdarı deyiləm. Vəzifə tutduğu 19 il ərzində münaqişənin həllində heç bir ciddi irəliləyişlər əldə edə bilmədiyimiz üçün mən Səfər Əbiyev dövründəki itkilərimizi mənasız itkilər kimi dəyərləndirirəm və bu məsələdə ilk növbədə Səfər Əbiyevi günahkar hesab edirəm, çünki o, bu məsələyə çox məsuliyyətsiz və biganə yanaşırdı. Onun borcu idi ki, hətta prezidenti mənasız itkilərə səbəb olan qərarlardan çəkindirsin. Əgər bu itkilərin siyahısında Səfər Əbiyevin öz övladları və yaxın qohumları və ya özü olsaydı, onda onu bağışlamaq olardı. Amma o, heç intihar etməyə də cəhd etməyib. Əsl general bu qədər mənasız itkilərə görə ya vaxtında istefa verməli, ya da özünü güllələməli idi. Özünüz də bilirsiniz ki, tarixdə çoxlu sayda belə hadisələr olub.

Hərbi ekspert Cəsur Sümərinli:

- Əslində 19 illik fəaliyyətinə görə, ilk növbədə isə mənasız itkilərə görə Səfər Əbiyev cinayət məsuliyyətinə cəlb olunmalı idi. Amma əfsuslar olsun ki, hakimiyyət bəlli səbəblərdən bu məsələdə maraqlı deyil. 

Statistikaya uyğun olaraq, bu il 6 hərbi qulluqçunun intihar etməsi və onların 5-nin Müdafiə Nazirliyinin hərbi hissələrinə aid olması orduda ənənəvi ölüm təhlükəsinin hələ də davam etdiyini göstərir. Bu təhlükənin əsası Səfər Əbiyev dövründə qoyulub və onun aradan qaldırılması prosesi çox gecikdirildiyindən, hətta köhnə nazir dövründə problemin daha da genişlənib şaxələnməsinə münbit şərait yaradıldığından vəziyyət böhran səviyyəsinə gəlib çatıb. Düşünürəm ki, Səfər Əbiyevin bu istiqamədə fəaliyyəti (fəaliyyətsizliyi) mütləq araşdırılmalı, onunla bir yerdə çalışmış generallarla bağlı ciddi təhqiqat aparılmalıdır. Bunlar orduda kök salmış ölüm kabusunun səbəblərini araşdırmaq üçün ciddi əhəmiyyət kəsb edəcək. Əvvəlki kimi hesab edirik ki, Silahlı Qüvvələrdə kompleks tədbirlər görülmədən bu qeyri-döyüş itkilərini dayandırmaq mümkün olmayacaq. Fikrimcə, əsgər ölümlərinin qarşısını almaq üçün aşağıdakı ciddi tədbirlər görülməlidir: 

1) Əsgər ölümlərində cinayəti olan şəxslərlə bağlı məlumatlar cəmiyyətə açıqlanmalıdır. Bu istiqamətdə Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi şəffaf işləməlidir. Bu günkü cəzasızlıq mühiti orduda daha çox itkilərin ortaya çıxmasına səbəb olur. Ona görə də cinayətdə rolu olanlar layiq olduqları cəzaları almalıdırlar ki, digərlərinə də dərs olsun, cəmiyyətə daim informasiya verilməlidir; 

2) Hərbi hissələrdə insan hüquqularının müdafiəsi, qanunların aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali-hərbi rəhbərliyə məlumat verməsi imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treyninqlərə cəlb edilməsi vacibdir. Bu istiqamətdə istər NATO ölkələrinin təcrübəsindən xüsusi olaraq istifadə etmək olar. Büdcə vəsaitlərinə qənaət etmək üçün onlayn təlimlərin, kursların keçirilməsi praktikasına başlamaq lazımdır; 

3) Hərbi hissələrdə əsgərlərin mənəvi-psixoloji durumunun araşdırılmasına məsul şəxslərin peşəkarlığı artırılmalıdır, tərbiyəvi işlər üzrə zabitlərin bu istiqamətdə daim nəzarətdə saxlanılması, onların bilik və bacarıqlarının, o cümlədən onların həm də psixoloq kimi inkişaf etdirilməsi istiqamətində silsilə addımlar atılmalıdır; 

4) Hərbi kadrların hazırlanması üzrə xüsusi dövlət strategiyası qəbul edilməlidir. Keyfiyyətcə yeni kadrların hazırlığına başlanılmalıdır və bu istiqamətdə Ali Hərbi Məktəblərin maddi-texniki imkanları, ən vacibi müəllim heyəti keyfiyyətcə yenilənməlidir. NATO üzvü olan ölkələri (xüsusilə də Türkiyə və ABŞ) təmsil edən pedaqoqların milli hərbi təlim-tədris sisteminə cəlb edilməsi vacibdir. 

5) Hərbi qulluqçuların sosial rifahı gücləndirilməlidir ki, onlar kobud desək “bir-birlərinin əlinə baxmasınlar”. Xüsusilə də zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır. Bu gün arxa cəbhədə leytenant rütbəli zabitlər təxminən 450 manat məvacib alırlar. Hesab edirik ki, bu məvacib minimum 1000 manatdan başlamalıdır; 

6) Azərbaycanda Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmalıdır. Çağırış sistemi tədricən müqaviləli sistemlə əvəzlənməlidir. Eyni zamanda xeyli hərbi vəzifələrə mülki şəxslərin təyin olunması prosesi genişləndirilməlidir; 

7) Ümumilikdə, ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyasını qəbul etməlidir ki, hərbi qulluqçular onları gözləyən gələcəyin nədən ibarət olduğunu aydın görə bilsinlər. Hazırkı məqamda hərbi qulluqçular arasında bu peşəyə qarşı inamsızlıq hissi hakimdir. Bu inamsızlığı aradan qaldırmaq lazımdır. Bəlli olmalıdır ki, dövlətin hərbi strategiyası nədir, hansı istiqamətlər prioritetdir və s. Düşünürəm ki, bu kimi tədbirlərin həyata keçirilməsi bir müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq və bu zaman qeyri-döyüş itkilərinin sayı azalacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM