Müdafiə naziri Gəncədə olub.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Gəncə şəhərində yerləşən hərbi hissədə "Açıq qapı” günü keçirilib.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonra Müdafiə naziri əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşüb. O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində silahlı qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Nazir qeyd edib ki, məqsədimiz budur ki, ölkə rəhbərliyinin və xalqımızın bizə göstərdiyi yüksək etimadı doğruldaq, işğal altında olan vətən torpaqlarını azad edək.
Əsgər valideynləri ilə səmimi söhbət edən Müdafiə Naziri onları maraqlandıran sualları cavablandırıb. Nazir qeyd edib ki, əsgər valideynləri, ictimaiyyət nümayəndələri onları narahat edən məsələlər, problemlər mövcuddursa, istədikləri vaxt nazirliyə müraciət edə bilərlər.
Zakir Həsənov əsgər valideynləri ilə görüşərkən
Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib. "Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyn kimi məni də qürurlandırır. Qürur hissi keçirirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı vətən müdafiəçiləri sırasındadır”, - deyə N.Tağıyev deyib.
Qətiyyətlə demək olar ki, hərbi qulluqçularımızın vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir. Biz cəbhə bölgələrində dediklərimizin dəfələrlə şahidi olmuşuq.
Hərbi qulluqçularla birgə bayramları birgə qeyd edirik. İnanıram ki, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə növbəti bayram günlərini Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında və digər müvəqqəti işğal altında olan torpaqlarımızda keçirəcəyik.
Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib.
Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Sonra valideynlər, ictimaiyyət nümayəndələri, qonaqlar əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər.
Zakir Həsənov əsgərlərlə nahar edib
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !