Zaqatala-Balakən-Mazımçay yolu yenidən qurulur

18:19 | 27.10.2017
Zaqatala-Balakən-Mazımçay yolu yenidən qurulur

Zaqatala-Balakən-Mazımçay yolu yenidən qurulur

"Azəravtoyol" ASC M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) təmir-tikinti işlərini davam etdirir.

ASC-nin Mətbuat Katibliyindən anews.az-a verilən məlumata görə, təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır.

Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı inşa olunur. Bu işlər artıq 11 kilometrlik ərazidə yekunlaşdırılıb.

Yol yatağının və zəruri olan yerlərdə yol əsasının tikintisindən sonra yolda asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yolun 300 min kvadratmetrdən çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Layihə çərçivəsində "Azəravtoyol" ASC tərəfindən yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq Tala çayı üzərində yerləşən avtomobil körpüsündə bu işlər yekunlaşmaq üzrədir.

Bundan başqa, layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların 32-si artıq qurulub və bu istiqamətdə işlər davam etdirilir. Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçü əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq, həmçinin 70 avtobus dayanacağı quraşdırılacaq.

Qeyd edək ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100,7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM