Azərbaycanda seysmik aktivliyin baş verdiyi ərazini və harada zəlzələnin ola biləcəyini əvvəlcədən müəyyən etmək mümkün olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev APA-ya açıqlamasında bildirib ki, bunun üçün yeni intellektual sistem yaradılıb. T. Əliyev qeyd edib ki, institut tərəfindən ölkə ərazisində 10-a yaxın stansiya quraşdırılsa da, onlar vasitəsi ilə seysmik proseslərin harada getdiyini tapmaq mümkün deyil. Onun sözlərinə görə, bu stansiyalardan alınan ümumi məlumatı mütəxəssislərə çatdırmaq üçün intellektual sistem yaradılıb: “Amma stansiyalardan alınan məlumatları bir yerdə intellektual sistem vasitəsilə analiz etdikdə, müəyyənləşdirəcəyik ki, hansı ocaqda zəlzələnin baş vermə ehtimalı var. İndiyə kimi bu sistem yox idi. Stansiyalardan alınan məlumatların analizi və monitorinqi hansı ocaqda zəlzələ olacağını müəyyən etməyə imkan verəcək. İntellektual sistem artıq sınaqdan keçirilib və bu da yaxşı nəticə verir. Sistemin yaradılması müxtəlif mərhələlərdən ibarətdir. Birinci mərhələ ilin sonunadək tam başa çatacaq və bu müddət ərzində işləyən 10 stansiyadan müəyyən göstəricilər əldə olunacaq. Gələn il isə ikinci mərhələyə keçid olacaq. Bu mərhələdə stansiyaların sayı artırılacaq və onların daha etibarlı işləməsi təmin ediləcək”. Seysmoloqları əvəz etmək və işlərinə qarışmaq niyyətində olmadıqlarını deyən T. Əliyev qeyd edib ki, alimlər seysmoloqlar üçün instrumentari hazırlayırlar: “Bütün dünyada belədir. İnstrumentari kibernetiklər tərəfindən düzəldilir, seysmoloqlar isə ondan istifadə edirlər. Bu sistem anomal seysmik proseslərin harada gedəcəyini əvvəlcədən müəyyən etməyə imkan verəcək. Perspektivdə bu imkan olacaq. Müşahidələrimizə əsasən, ölkə üzrə 13 seysmik ocaq müəyyənləşdirilib. Hansı ocaqda zəlzələnin ola biləcəyini perspektivdə deyə biləcəyik”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !