Çexiya prezidenti Milos Zeman deyib ki, Rusiya prezidenti "intihar etmək niyyətində deyil və buna görə də Litva, Latviya və Estoniyaya hücumun mümkün nəticələrini başa düşür”.
Çexiya prezidenti Milos Zeman Associated Press agentliyinə müsahibəsində deyib ki, Rusiya prezidenti "intihar etmək niyyətində deyil və buna görə də Litva, Latviya və Estoniyaya hücumun mümkün nəticələrini başa düşür”.
Çexiya prezidenti deyib kİ, bu səbəbdən də o, Rusiyanın Baltikyanı ölkələrə müdaxilə etməyəcəyinə əmindir.
Zeman Ukrayna münaqişəsi və Rusiyanın buradakı rolundan da danışıb. O deyib ki, Ukraynanın şərqini işğal etmək Rusiya üçün iqtisadi baxımdan sərf eləmir.
"Düşünürəm ki, Rusiya Krımın ilhaqı ilə kifayətlənib” - deyib Zeman.
Onun sözlərinə görə, Ukraynanın şərqindəki milyonlarla insanı yedirtmək üçün Moskvanın sadəcə olaraq vəsaiti yoxdur.
Çexiya prezidenti deyib ki, Rusiya Ukraynaya müdaxilə etmirsə, deməli onun üzərindən sanksiyaları tədricən qaldırmaq lazımdır.
Zeman 9 may "Qələbə” bayramını Moskvada qeyd edəcəyi barədə deyilənlərə də aydınlıq gətirib.
Prezident bildirib kİ, mayın 9-da Moskvada naməlum əsgərin məzarı üstünə əklil qoyacaq, lakin hərbi paradda iştirak etməyəcək.
Çexiya hökuməti bildirib ki, Moskvada hərbi paradın keçirildiyi saatlarda Zemanın Slovakiyalı həmkarı ilə danışqıları nəzərdə tutulub. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !