2024-cü ilin yeddi ayında Azərbaycanla İraqın ticarət dövriyyəsində 49% artım qeydə alınıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Azərbaycan-İraq biznes forumunda bildirib.
Hazırda Azərbaycanda İraqın 170 şirkəti fəaliyyət göstərir.
Nazir söyləyib ki, yaxın günlərdə iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunacaq.
"Ələt Azad İqtisadi Zonası investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil etməyə, Azərbaycanın tranzit imkanlarını genişləndirməyə, yükdaşımaları artırmağa başlayıb", - Cabbarov deyib.
2023-cü il noyabrın 20-də İraq Prezidenti Əbdül Lətif Rəşid Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ticarət və enerji, viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub.
Ölkələr arasında 5 sənəd, o cümlədən Ticarət, İqtisadiyyat, Elm, Texnologiya və Mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş (10 noyabr 2010-cu il) və Hava əlaqəsi haqqında Saziş (20 noyabr 2023-cü il) imzalanıb.
2023-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 19,6 milyon ABŞ dolları təşkil edib. Azərbaycan İraqdan bitki və heyvan mənşəli yağ və piylər, şəkər, kağız, karton, karton məmulatları, kakao alır.
Bakı-Bağdad reysləri 2023-cü ilin noyabr ayından həyata keçirilir.
2024-cü il fevralın 2-dən Bakı - Kərkük marşrutu üzrə uçuşlar başlayıb. Uçuşlar İraq Hava Yolları tərəfindən həyata keçirilir. Həmçinin Bakıdan Ərbil və Bəsrəyə uçuşların başlanması planlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !