Zərdabi anıldı

18:46 | 28.11.2013
Zərdabi anıldı

Zərdabi anıldı

Noyabrın 28-i Mətbuat Şurasında Həsən bəy Zərdabini anım tədbiri keçirilib. 

ANN.Az-ın Mətbuat Şurasının saytına istinadən xəbər verir ki, toplantıda çıxış edən Əflatun Amaşov deyib ki, böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin vəfatından 106 il ötür: “Bu tarixi şəxsiyyətin fəaliyyətindən və bütövlükdə ömür yolundan, xüsusən də “Əkinçi” qəzetini nəşr edərkən çəkdiyi əzab-əziyyətdən hər bir azərbaycanlı məlumatlı olmalıdır. Mətbuat Şurası bir neçə il öncə Həsən bəy Zərdabinin anım gününün keçirilməsi təşəbbüsünü qaldırdı və hər il milli mətbuat günü ilə yanaşı noyabrın 28-də biz böyük ziyalımızla bağlı tarixi faktlara müraciət edir, onun milləti qarşısındakı xidmətlərini yada salırıq. Hər dəfə də xatirələri çözələdikcə böyük fəxarət hissi keçiririk”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun milli mətbu irsində xüsusi yeri olan nəşrlərin təbliğinə böyük önəm verdiyini vurğulayıb: “Bu günlərdə fondun maliyyə dəstəyi ilə “Ziya” qəzetinin nüsxələrinin ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevrilməsi işi həyata keçirilib və toplanmış materiallar kitab şəklində nəşr edilib. Fond “Azərbaycan mətbuat tarixi antologiyası”nın da nəşrini reallaşdırıb. Ümumən qurum bu sayaq layihələrə hər zaman dəstək verir. Düşünürəm ki, Həsən bəy Zərdabi irsinin daha geniş miqyaslı tədqiqinə şərait yaratmaq da qarşımızda duran mühüm vəzifələrdəndir”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Əkinçi” qəzetinin o dövrdə (1875) fəaliyyətə başlamasını, eləcə də iki il müddətində ömür sürməsini Həsən bəy Zərdabi şəxsiyyətinin böyük hünəri adlandırıb: “Onun həyat yoluna nəzər salarkən aydın görünür ki, bu adam xalqı maarifləndirməyin ən müxtəlif yollarını nəzərdən keçirib və nəhayət, qəzet çapı üzərində dayanıb. Dahi mütəfəkkirin seçimini səciyyələndirən cəhətlər müəyyən çalarlarla bu günümüz üçün də aktualdır”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli çıxışında Həsən bəy Zərdabi irsinin araşdırılması sahəsində görülən işlərdən söz açıb. Görkəmli alimin “heç olmaz ki, doğru söz yerdə qalsın” fikrinə müraciət edən Nəsir Əhmədli bildirib ki, Həsən bəy şəxsiyyətinin doğru bildiklərini anlatma tərzi, fəaliyyətindəki ayrı-ayrı məqamlar bu günün jurnalistləri üçün son dərəcə vacib məktəb rolunu oynamaqdadır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM