Bəraət alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov intihara cəhd edib.
Publika.az xəbər verir ki, Rövşən Əhmədov dekabrın 21-də, axşam saatlarında çoxlu sayda həblər içərək intihara cəhd göstərib. O, Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Mərkəzdən bildiriblər ki, Rövşən Əhmədovun vəziyyəti ağırdır.
Rövşən Əhmədovun ailəsi onun intihara cəhd göstərməsini təsdiqləyib. Bildiriblər ki, Rövşən Əhmədov hər gün intihar edəcəyini deyirmiş. O, intihara cəh göstərməmişdən əvvəl məktub yazıb. O, həmin məktubda yazıb ki, yenidən şərlənərək həbsxanaya getməkdənsə, ölmək yaxşıdır.
Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya qarşı mənimsəmədə ittiham edilib.
İttihama aktına əsasən o, qohumu Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan zərrəçəkmiş apelyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılır. Bu gün şikayət üzrə məhkəmə qərarının açıqlanması gözlənilirdi. Lakin Rövşən Əhmədovun özünü öldürməyə təşəbbüs göstərməsi məhkəmə prosesinin təxirə salınmasına səbəb olub.
Xatırladaq ki, Rövşən Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Çingiz Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, Rövşən Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Çingiz Baxşıyev şərəf və ləyaqətinin alçaldığını bildirərək, Rövşən Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində cəza verilməsini tələb edib. Məhkəmənin hökmü ilə Rövşən Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib. Bu qərardan narazı qalan Rövşən Əhmədov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rövşən Əhmədovun bu şikayəti təmin edilməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !