Dünya onun fleytasına, o Azərbaycan musiqisinə heyran - FOTOLAR

"....Dünya miqyaslı fleytaçilar arasında bir türk
xanımı var. Bu cazibədar və
duyğusal musiqiçidən dərindən təsirləndim. Şəfiqə Kutluərin musiqisinı
dinlərkən adamın ayaqları yerdən kəsilir...”, - deyə New York Times qəzeti
yazır. Yaponya mətbuatı onu Türkiyə ilə
dünya arasında körpü, Stiven Pitter adlı amerkalı tənqidçi isə "Tikanlar arasinda bir gül” adlandırıb. Onun
haqqında dünyanın nüfuzlu mətbu orqanlarında saysız hesabsız yazılar dərc olunub.
Bu günə qədər dünya ölkələrində tam 17 CD-si satışa çıxarılıb...
- Kimdir Şəfiqə xanım?
- Hər halda ən çətin şey insanın özünü anlatmasıdır. Ankarada dünyaya gəlmişəm. Bəstəkar Ulvi Cemal Erkin atamın yaxın dostu idi və mənim musiqi duyumumu ilk dəfə o kəşf etmişdi. Ona heyran idim. Mənim konservatoriyaya daxil olmağım üçün ailəmi o razı salmışdı. O zamanlar konservatoriyada təhsil almaq çox çətin idi. Burada oxuya-oxuya digər məktəbdə də dərslərə yetişmək tələb olunurdu.. O zaman üçüncü sinifə gedirdim. Amma ailəmin cəsarəti çatdı və mən konservatoriyaya imtahan verdim. Piano dərslərinə girdim, sonra fleytaya maraq göstərdim və fleyta ən yaxın dostum oldu. Məktəbi və konservatoiyanı bitirəndən sonra İtalya və Avstriyada təhsilimi davam etdirib magistr dərəcəsi aldım. Daha sonra beynəlxalq yarışlara qatıldım və beləcə dünyaya açıldım.
- Sİz həmçinin UNİCEF-in xoşməramlı elçisisiniz..
- Komitənin rəhbəri Talat Armağan bəy UNİCEF-in elçisi seçildiyimi mənə xəbər verəndə sevindim. Sosial layihələrə hər zaman önəm vermişəm. Məncə sosial layihələrə qatılmaq toplumda bəlli bir yerə gəlmiş, ictimaiyyətə bəlli mesajlar verə bilmək imkanlarına malik insanlarin vəzifəsidir. Festivallarda da buna xüsusi yer verirəm. Uşaqlara, gənclərə yönəli layihələri sevərək dəstəkləyirəm.
- Altı ildir festival təşkil edirsiz. Qərb və şərq mədəniyyətlərini və elmi qovuşduran festival ideyası hardan ortaya çıxdı? Uluslararası Şəfiqə Kutluər Festivalının məqsədi nədir?
- Ankara hər zaman Türkiyənin başkənti və mədəniyyət paytaxtı olub. Mədəniyyət Türkiyəyə Ankaradan yayılıb. Atatürk rəsm və heykəl muzeyini, Türkiyənin ilk konsert salonu olan ilk operetta səhnəsini burada yaradib. Bir sənətçi kimi özümü Atatürkə borclu sayıram. "Hər şey ola bilərsən, hətta cümhurbaşkanı da , amma sənətçi ola bilməzsən” deyirdi Atatürk. O qədər canlar bahasına qurulan cümhuriyyətimizdə bizim də sənət adamları olaraq bəzi vəzifələrimiz var. Təəssüf ki, Ankara mədəniyyət və sənət tədbirlərinin izlənməsinə görə 6-7-ci siralara düşüb. Bu mənə çox ağır təsir edir. Ankarada sənət və mədəniyyət xəbərlərinə televiziyalarda demək olar ki, yer verilmir . Mən də Ankarada doğulub böyümüş bir sənətçi olaraq düşündüm ki, dünya çapında sahib olduğum sənətkar, mədəniyyət xadimləri, mədəniyyət tədbirlərinin təşkilatçılarından yararlanaraq burada səviyyəli bir tədbir düzənləyim. Amma bu festival heç bir komersiya məqsədi daşımır. Sponsorumuz yoxdur, sadəcə doğulduğum şəhərə bir damla əməyim olması məqsədiylə öz əmək haqqım hesabına təşkil edirəm. Keçən il altıncısı oldu. Elmə verilən dəyərin azalması hər şeyə təsir edir. Təməli elm olan bir torpaqda sənət cücərə bilər. Sadəcə təhsilli və dünya görüşü inkişaf etmiş bir insan bir fikrə sahib ola bilər və sənətin dəyərini bilə bilər. Bu səbəbdən son festivalda elmin sənət ilə birləşməsi konsepsiyasını hazırladıq. Hər konsert öncəsi qədim türk torpaqlarının mədəniyyət və tarixi ilə bağlı elmi araşdırmalara söykənən təqdimatlar keçirdik
- Festivallara TÜRKSOY hər hansı dəstər verdimi?
- Bu günə qədər bütün tədbirləri şəxsi təşəbbüslərimizlə düzənlədik. İnşallah bu ilki festivalda qurumun yaxından iştirak edəcəyini gözləyirik.
- Azərbaycan musiqi sənətinə xüsusi bir sevginiz var. Hətta səfərlərdə sizi müşayət edən piyanoçu Nailə Əhmədova da azərbaycanlıdır. Azərbaycan musiqisindən nümunələrə repertuarınızda geniş yer verirsiz. Musiqimizlə tanışlığınız nə zamana təsadüf edir?
- Bu tanışlığın tarixçəsi çox erkən yaşlarımdan başlayır. Ailəm, böyüklərim bu musiqini dinlərdi. Evdə zaman-zaman Azərbaycan mahnılarını zümzümə edərdilər. Arif Məlikovla onun konsertində tanış oldum. Bütün türk xalqlarının musiqisinə nəzər salsaq hər birinin özünəməxsus bir gözəlliyi var. Amma Azərbaycan müsiqisi adamın qəlbinə işləyir. Bəlkə mənim meylim olduğuna görə belə düşünürəm. Məncə Azərbaycan müsiqisi türkdilli xalqların müsiqisi arasında ən mükəmməlidir.
- Son festival konsertlərindən birində Azərbaycan musiqi nümunələrini səsləndirdiniz. ("Ayrılıq”, "Ay qız”, "Dağlara çən düşəndə”). Sizi müşayət edən gənclər yanılmıramsa Cənubi Azərbaycandan idi. Azərbaycandan usta tarzənlərlə bərabər çalışmaq istərmirsiniz?
- Təbii ki, türk dünyasının gözəl musiqisini daha dolğun şəkildə tamaşaçılara təqdim etmək istərdim. Düşünürəm ki, növbəti festivalda bu əskiklikləri tamamlamaq üçün ciddi bir iş birliyinə ehtiyac var. Elə buradan Azərbaycan Mədəniyyət Nazirliyinə, klassik türk musiqisinin dünyaya tanıtılmasında ciddi layihələri olan Heydər Əliyev Fonduna, birinci ledi Mehriban Əliyevaya festivalı dəstəkləmək üçün müraciət etmək istərdim. Xanım Əliyevanı təqib edirəm, maraqlı projelərdə əməyi var. Əminəm ki, növbəti festivalda türk dünyası musiqilərinin öndərləri deyə biləcəyimiz Azərbaycan musiqisini daha dolğun şəkildə təqdim edə bilməmiz üçün festivala lazımi diqqət yetirəcəklər. Ən böyük istəyim Azərbaycan xalq musiqisini öz musiqiçilərinin müşayəti ilə təqdim etməkdir.
- Öz təşəbbüsünüzlə kimlərisə dəvət etdinizmi?
- Bizim sıxıntımız sponsorsuzluqdan qaynaqlanır. Biz hər kəsi dəvət edirik. Amma kimlərin gələcəyini cümhuriyyətlər özləri müəyyən edir. Ankaradakı Azərbaycan Səzfirliyinə bu barədə müraciətimiz oldu. Sanıram sponsor olmaması üzündən musiqi heyəti gətirmə imkanımız olmadı. Amma bu ilki festivala Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanı layiqincə təmsil edəcək xalq musiqisi ansamblının gəlməsini gözləyirik.
- Azərbaycanda olmusunuzmu?
- Azərbaycanda olmuşam. Uzun sürən restavrasiyadan sonra Rauf Abdullayev ilə filarmoniyanın açılış mərasimində iştirak etdim. Rauf Abdullayevlə Ankarada Bilkənt Universitetində İlyas Mirzəyevin "Mevlana” konsertini çalmışıq.
- Festivallarda hansı türkdilli ölkələr daha çox fəallıq göstərir?
- Əslində bu zamana qədər xüsusi aktivlik göstərən olmayıb. Məncə, türk cümhuriyyətləri arasında ciddi ünsiyyət problemi var.
- Festivallarda qarşnıza qoyduğunuz məqsədə çata bilirsinizmi?
- Əslində çox maraqlı hadisələr baş verdi. Məsələn, Çindən ənənəvi xalq musiqi alətləri ilə çıxış etməyə gələn qrup sayəsində inanılmaz musiqi alətləri tanıma fürsətimiz oldu. Tək telli bir alətlə nələr çaldılar.. Üfləməli bir orqan aləti gətimişdilər. Müthiş idi. Üç min il tarixi olan alətləri dinləmək fürsəti qazandıq. Bu alətlərdə qadınlardan ibarət ansambl ifa edirdi. O alətləri tanimaq üçün hətta tamaşaçılar səhnəyə çıxdı. Milli qiyafətlər çox diqqət çəkirdı. Məqsədlərimizdən biri başqa mədəniyyətlərin tarixini tanıtmaq olduğundan bəzi hədəflərimizə çatdıq. Ənənəvi mədəniyyət tarixi qorunmalı və bu mədəniyyət davam etdirilməlidir. Qulaqdan qulağa keçən, notaya alınmayan anonim mahnılar itməməlidir. Bizim Turkiyədə də arxiv yoxdur. Baxırsınız bir bəstəçinin neçə neçə bəstəsi var amma heç biri nota alınmayıb və bəzliləri məhv olma təhlükəsiylə qarşı-qarşıya qalıb.
- Siz ən çox dəstəkləyən bir insan varmı?
- Həyat yoldaşım. Biz bir müqəddəs zəncirin həlqələriyik, siz, mən, həyat yoldaşım... Hər həlqə bir ilahi vəzifəni həyata keçirmək məqsədi ilə yaranıb və əgər hər kəs vəzifəsini bir damla yerinə yetirsə dünya mükəmməl görünər, dünyaya bir faydamız olar.
- Azərbaycana mesajınız varmı?
- Biz əlaqələrimizin daha da yaxınlaşmasını istəyirik. Keçmışimizə sahib çıxıb onu gərək bərabər başqa ölkələrdəki qardaşlarımıza tanıdaq, unuduılmasına imkan verməyək. Azərbaycan bəstəkarlarının çox mükəmməl əsərləri, ifaçıları var. Onların buradakı həmkarları ilə daha sıx və məhsuldar çalışmasını istəyərdim. Bu il Azərbaycan klassik musiqisinin festivalımızda ən yüksək şəkildə təmsil olunmasını gözləyirik.
Şəhla Əbusəttar Yaman
ANN.az Türkiyə



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 