"Manatın məzənnəsinin köklü şəkildə dəyişməsinə cəmiyyət hazır deyil” – bu sözləri ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Oqtay Haqverdiyev deyib.
Onun sözlərinə görə, dünya valyuta bazarında dollar avroya nisbətdə bir qədər də bahalaşıb: "Təbii ki, bu proses özünü Azərbaycanda da göstərməlidir. Manatın hazırkı məzənnəsi onun real məzənnəsi deyil. Bu bəlkə də neçə illər belə ola bilər. Çünki manatın məzənnəsini bizim ölkədə Mərkəzi Bank müəyyən edir. Misal üçün, əgər Mərkəzi Bank manatı sərbəst buraxarsa, o zaman manatın məzənnəsi 1 dollarla müqayisədə 3-5 manata qalxa bilər. Hazırda bu praktika Rusiya və Qazaxıstanda da var".
Ekspertin sözlərinə görə, manatın sərbəst buraxılmasının vaxtı çatsa da, Mərkəzi Bank bu addımı atmır: "Yəni dolların manata nisbətinin real göstəricisi 3-5 manatdır. 2016-ci il üçün verilən proqnozlara baxanda görünür ki, gələn ildə də hazırkı məzənnə qalacaq. Bir sözlə manatın 1 dollara nisbətinin 1,05 olması heç bir ajiotaj yaratmamalıdır".
O.Haqverdiyev manatı sərbəs buraxılmamasının əsas səbəblərindən danışıb və bunu sosial durumla əlaqələndirib: "Çünki manatın məzənnəsinin köklü şəkildə dəyişməsinə cəmiyyət hazır deyil. Hökümətin bu addımı atmasının, yəni manatın qorunmasının əsas səbəbi sosial gərginlik istəməməsi ilə bağlıdır”.
Xatırladaq ki, bu gün dolların bahalaşması haqqında dünya mətbuatında da xəbərlər yer alıb. Xəbərlərdə deyilir ki, günün sonuna qədər beynəlxalq bazarlarda ABŞ dollarının digər valyutalara qarşı məzənnəsi möhkəmlənə bilər. Buna səbəb isə Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draginin son açıqlamasında Avrozonada inflyasiya hədəfinə çatmaq üçün monetar ekspansiyanın miqyasının və müddətinin artırıla biləcəyini söyləməsi olub.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !