143 mln manat Müdafiə Nazirliyində tenderlərdə sovrulub - MƏHKƏMƏDƏN REPORTAJ

21:25 | 01.03.2024
143 mln manat Müdafiə Nazirliyində tenderlərdə sovrulub  - MƏHKƏMƏDƏN REPORTAJ

143 mln manat Müdafiə Nazirliyində tenderlərdə sovrulub - MƏHKƏMƏDƏN REPORTAJ

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə prosesi davam edir. Məhkəmə qarşısında dayananlar Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadədir.
 
Vəzifəli şəxslərlə bağlı istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsi aparıb. İki il əvvəl həbs olunan vəzifəli şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələriylə ittiham olunurlar. İttihama görə müttəhimlər 5 il ərzində Müdafiə Nazirliyinə dövlət büdcəsindən ayrılan 143 milyon manat yeyintiyə yol veriblər. Söhbət hərbi hissələrə, hospitala, hərbi liseyə, ali hərbi məktəbə və başqa qurumlara ərzaq və avadanlıq alınarkən yol verilən yeyintilərdən gedir. Bu məsələlər Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov haqqında ittiham aktında öz əksini tapıb. Müdafiə Nazirliyinin tabeliyindəki qurumlar üçün ərzaq və avadanlıqların alınmasından ötrü şirkətlərlə öncədən qiymət şişirtməsi ilə bağlı razılaşma olub.
 
Şirkətlərin hesabına da ona uyğun vəsait köçürülüb. Şirkət sonradan artıq məbləği razılaşmaya uyğun şəkildə nağdlaşdıraraq geri qaytarıb. İttihama görə, milyonlarla manat Müdafiə Nazirliyinə daxil qurumların azuqə ehtiyaclarının ödənilməsi, Ali Hərbi Məktəbə ərzaq və başqa avadanlıqlar alınarkən, qiymət şişirdilməsi, Mərkəzi Hərbi Hospital, 20-dən çox hərbi hissə və başqa qurumlara ərzaq, avtomobil ehtiyat hissələri, kompüter və sair alınmasında qiymətlərin artıq göstərilməsi nəticəsində dövlət büdcəsindən mənimsənilib. Cinayət işinin materiallarında iddia edilir ki, şirkətlərlə müqavilə bağlanarkən məbləğlərin yuxarı göstərilməsi, sonradan artıq pulların geri alınması və o vəsaitlərin mənimsənilməsi prosesi o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişi ilə baş verib. Ancaq Nəcməddin Sadıkov özü məsuliyyətə cəlb olunmayıb.
 
Sonuncu məhkəmə iclasında yenə şahidlər dindirilib. Onlardan biri Hərbi Akademiyada maliyyə-xidmət rəisi işləmiş polkovnik-leytenant Tərlan Əliyev olub. Şahid məhkəməyə İttiham Aktında adının keçdiyi epizodlar ətrafında danışaraq bildirib ki, işlədiyi vaxt Akademiyada təftiş nəticəsində 1 milyon 500 min manat mənimsəmə aşkar edilib. Həmin pulun 1 milyonunu təftişçilərə verib, 500 min manatı özünə götürüb. Cinayət əməlinin üstü açılandan sonra 500 min manatı dövlətə geri ödəyib.
 
Şahidin sözlərinə görə, təftiş yoxlamasından əlavə Maliyyə-büdcə İdarəsinin Nəzarət-təftiş şöbəsinin rəisi Rafael Xələfova 4 dəfəyə ümumilikdə 120 min manat pul verib. 
 
"Hər dəfə 30 min manat olmaqla 4 dəfəyə vermişəm. Bir dəfə Xələfovun özünə, üç dəfə adamına vermişəm. Amma istintaq vaxtı üzləşmədə hamısını boynuna almadı. Dedi ki, cəmi iki dəfə ona pul vermişəm, onu da Nizami Məmmədova verib”.,  - Xələfov deyib.

Şüşə qəfəsdə əyləşən general Nizami Məmmədov isə Xələfovun ona pul verdəyini deyib. 
 
 "Rafael Xələfov mənə pul verməyib. O, mənimlə üzləşmədə belə söz deməyib. Ancaq  başqaları ilə üzləşmədə pulu mənə verdiyini deyir”, Məmmədov deyib.
 
Bu şahidin adı başqa bir epizodda Hərbi Akademiyada qohumlarının adına plastik kartlar açıb pul köçürməkdə keçir. İttiham aktında qeyd olunur ki, Tərlan Əliyev  qardaşı, qaynı, bacanağı və digər qohumlarının adına kartlar açıb. Mütəmadi olaraq həmin hesablara pullar köçürülüb. Tərlan Əliyev məhkəmədə tərəflərin suallarını cavablandırarkən İttiham Aktında yazılanları təsdiqləyib.
 
Sonra Fariz Nəbiyev dindirilib. O, yeyintilərin iddia olunduğu illərdə isə Hava Qüvvələrinin maliyyə-xidmət rəisinin  köməkçisi işlədiyini, hazırda isə təqaüddə olduğunu bildirib. Fariz Nəbiyevin fəaliyyəti təftiş edilərkən xeyli yeyinti ortaya çıxıb. Mənimsənilən pullardan 33 min manatı onun cibinə gedib. İbtidai istintaq zamanı üzərinə düşən ziyanı tezlikə dövlətə ödəyəcəyini deyib. Şahid məhkəmədə bildirib ki, onun vaxtında Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin rəisi  müttəhimlər kürsüsündəkilərdən biri polkovnik Cəlal Kazımov olub. Hərbi hisələrin birində yoxlama sonrası Cəlal Kazımova 43 min manat verib. İfadəsində Nazirliyin təftiş şöbəsinin rəisi Rafael Xələfova da pul verdiyini vurğulayıb. Cəlal Kazımovsa üzünü keçmiş köməkçisinə tutaraq bunları deyib: "Mən yeyəcəkdim, sən ac qalacaqdın? Yoxlamadan mənə nə qalırdısa, sənə də verirdim”.
 
Cəlal Kazımov məhkəməyə bildirib ki, işlədiyi dövrdə şahidlə köməkçisi ilə aralarında bir pul mübahisəsi olub, iş o yerə çatıb ki, axırda idarə rəisi, general  Nizami Məmmədov məsələyə qarışıb. Nizami Məmmədov özü də şüşə qəfəsdən bu məsələyə münasibət bildirib. Deyib ki, Fariz Nəbiyev onun yanına gələrək pul bölgüsünə görə narazılıq edib. O da Cəlal Kazımovla Rafael Xələfova tapşırıq verib ki, məsələni yoluna qoysunlar. Nizami Məmmədovun bu açıqlamasından sonra Cəlal Kazımov ayağa qalxıb: "Nizami Məmmədovun bu tapşırığından sonra Rafael Xələfova 70 min manat verdim ki, Fariz Nəbiyevə çatdırsın”. Fariz Nəbiyevsə məhkəməyə bu pulun ona gəlib çatmadığını söyləyib.
 
Məhkəmənin dindirdiyi üçüncü şahid Elçin Mustafazadə olub. O, məhkəmənin diqqətinə çatdırıb ki, Hərbi Hava Qüvvələrinə daxil olan hərbi hissədə maliyyə-xidmət rəisi işləyib. Təftiş zamanı hərbi hissədə 528 min manat yeyinti olub. Həmin puldan 170 min manatı ona çatıb: "Üzərimə düşən 170 min manat məbləğində zərərin 25 min manatını dövlətə geri ödəmişəm, qalan məbləği də ödəyəcəyəm”, - şahid vurğulayıb. 
 
Hakim və dövlət ittihamçıları şahidi sorğulayarkən deyib ki, "ölü canlar” adlanan sahibsiz kart hesablarına 15 min manat pul köçürüb. Onun da 13 minini Cəlal Kazımov özünə götürüb. Cəlal Kazımov ayağa qalxaraq məhkəməyə bildirib ki, şahidin işlədiyi hərbi hissədəki yoxlamadan götürülən pulun 20 faizini təftiş şöbəsinin əməkdaşı Nəriman Cabbarova, bir hissəsini isə şöbənin rəisi Rafael Xələfova verib.
 
Məhkəmə prosesi şahid ifadələriylə davam edir.
 
Müdafiə Nazirliyindəki yeyintilərlə bağlı daha bir neçə vəzifəli şəxs də DTX tərəfindən həbs olunaraq istintaqa cəlb edilib. Onlardan bəzilərinin işi məhkəməyə göndərilib, bəzilərinin istintaqı davam edir.
 
Günel Əliyeva 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM