200 milyonluq ipoteka krediti 2016-cı ildən verilə bilər

17:59 | 05.08.2015
200 milyonluq ipoteka krediti 2016-cı ildən verilə bilər

200 milyonluq ipoteka krediti 2016-cı ildən verilə bilər

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasında ipoteka kreditləri üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılması barədə göstərişi mənzil həsrətində olan vətəndaşlar üçün sevindirici xəbər oldu.

Xatırladaq ki, həmin iclasda ölkə başçısı sözügedən məsələ ilə bağlı bunları bildirib:

"Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.

İllərdir mənzil sahibi olmaq arzusu ilə yaşayan ölkə vətəndaşları indi ipoteka kreditləşməsi üçün 200 milyon manat vəsaitin ayrılacağı günü və qüvvəyə minəcək yeni şərtləri gözləməkdədirlər.

Modern.az saytının məlumatına görə, bu gözləntilər bir qədər uzanacaq. Belə ki, mənzil arzusunda olan ailələrin yeni şərtlərdən yalnız gələn ildən yararlana biləcəkləri bildirilir.

Əməkdaşımız məsələ ilə bağlı öncə Mərkəzi Bankla əlaqə saxlayıb. Ancaq bu qurumdan İpoteka Fonduna müraciət etməyi məsləhət gördülər.  

İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova də bu haqda məlumat verə bilməyəcəyini vurğuladı. O qeyd etdi ki, İpoteka Fondu icraçıdır və təqdim olunan şərtlərlə ipotekanın verilməsini həyata keçirir. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov ipotekanın nə zaman veriləcəyindən asılı olmayaraq əsas vəsaitin ayrılmasına diqqət çəkib. 

"Böyük məbləğdə vəsait ayrılıb. Bununla bağlı hazırlıqlar gedir. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verdi ki, ipoteka krediti məbləğinin yuxarı qaldırılması, ilkin ödənişin ləğvi, illik faizlərin aşağı salınması kimi məsələlərə baxılır. Eyni zamanda, yalnız şəhərlərdə deyil, regionlara da ipoteka krediti verilməsi məsələsi müzakirə olunur”.

Müzakirə olunan bu cür şərtlər  daxilində ipoteka kreditlərinin verilməsini gənclərin evlə təmin olunmasında mühüm rol oynacağını deyən deputat vaxtın bir qədər dəyişdirilməsinin önəmi olmadığını vurğulayıb.

"Sentyabr olmasın, gələn il yanvarın 1-i olsun. Bu, ümumi maliyyə vəziyyəti ilə bağlıdır, hazırlıqlar gedir, şərtlər dəyişdirilməlidir. Gələn ildən ipoteka kreditlərinin verilməsinə başlanılmasının heç bir problemi yoxdur. Əsas odur ki, insanlar bundan yararlansın”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti